Xəbər verdiyimiz kimi, Rusiya Prezidentinin Mətbuat xidməti gecə saatlarında Ukraynanın Kremlə zərbə endirməsinə cəhd etməsi ilə bağlı məlumat yayıb.
“Ukrayna gecə Kremlə zərbə endirməyə cəhd edib. Rusiyalı hərbçilər və xüsusi xidmət orqanları gecə 3 radələrində Kremlə hücum edən iki pilotsuz uçuş aparatını zərərsizləşdirib. Hadisə zamanı xəsarət alan olmayıb. Kreml Kiyev rejimi tərəfindən zərbə cəhdini Qələbə Günü ərəfəsində Rusiya Prezidentinə qarşı sui-qəsd və planlaşdırılmış terror aktı kimi qiymətləndirir”, – deyə məlumatda qeyd olunub.
Mövzu ilə bağlı “Yeni Gundem”-ə danışan siyasi şərhçi Kənan Novruzov bildirdi ki, Moskva istənilən halda hadisədən istifadə edəcək:
“Məsələ araşdırılmalıdır. Dəqiq fikir yürütmək çətindir. Ukrayna da edə bilər, ABŞ da. Bəlkə də dezinformasiyadır. Amma video yayılıb və Kiyev buna cavab verib. Bütün hallarda demək olar ki, Rusiyanın daxilində vəziyyət pisləşir. Təhlükəsizlik tədbirlərini görmək də çətinləşir. Kremlin daxilində səriştəsizlik var. Rusiya psixoloji müharibədə məğlub olur. Hücum olunub. Ölüm yoxdu. Maraqlı və şübhəlidir. Kreml binasına zərbənin həcmi də açıqlanmayıb. Bütün hallarda Moskva bundan istifadə edəcək. Rusiya Ordusu Ukrayna cəbhəsində adekvat addımlar ata bilər. Ukrayna ərazisinə raketlər də ata bilər. Rusiya Dövlət Dumasının deputatlarından biri təklif edib ki, Ukrayna prezidenti Vladimir Zelenski terrorçu elan olunmalıdır. Bunun Ukrayna tərəfindən edildiyinə inanmıram. Yaxın günlərdə oxşar hadisələrin təkrarlanmasını da düşünmürəm. İstənilən halda Rusiya bundan yararlanmağa çalışacaq”-deyə o qeyd etdi.
Fərahim Rəhimov