Seçki ilində televiziyada gedən söhbətlərə baxın. 6-7 yetkin kişi və arvad oturublar studiyada və bir rəqqasənin növbəti dəfə ərə gedərkən hansı bürcdən olan partnyoru seçməsini müzakirə edirlər.
Əlbəttə, bu da seçki söhbətidir. Bəlkə də bu, məntəqəyə gedib deputat seçməkdən daha vacibdir. Amma bu seçim də gizli olmalı deyilmi? Məşhur ifadə ilə desək, bir rəqqaəsinin ərə gedib-getməməsi ictimai-siyasi əhəmiyyət kəsb eləmir.
Hərçənd bu söhbətin müəyyən maarifləndirici məqamları da var. Çox adam bilmirdi, bilmiş oldu ki, hansı bürcdən olan arvad hansı bürcdən olan kişiylə yavuqlaşsa, 100 faiz anlaşa bilər. Yoxsa bədbəxtlik qaçılmazdır. Bəlkə də rəqqasə xanım birinci dəfə ər seçimi edərkən Zodiaka, bürclərin kəramətinə müraciət etməyib, ona görə boşanıb, gəlib oturub studiyada. İndi aparıcı da ona variant sayır: “Şir, Tərəzi, Əkizlər bürcündən olan kişilərə ərə getməlisən”. Hərçənd cəmi 12 bürc var, qoy xanım hamısını sınasın. Nə qədər olmasa da, birində tutacaq. Ola bilər ki, lap ikisində.
Eh, günlər vardı, seçki ilində televiziyalarda debatlar olardı, xalq da oturardı ekran başında, tamaşa edərdi. Çıxış vaxtlarını növbə ilə donduran namizədlər, su dolu stəkanı rəqibinin üstünə tolazlayanlar, studiyadan, meydançaya qaçmış azarkeş kimi danaboyun edilərək çıxarılanlar olurdu. Rəqibinə müraciətlə “bəy, sənə böyük hörmətim var” deyə sözə başlayanlar, axırda “bu ölkədə səndən yaramaz adam yoxdur” deyənlər vardı. Hələ “yaramaz” sözü, oxumuş adamlar demişkən, efmizmə (yumşaltmaya) məruz qalıb, nələr deyirdilər, nələr. O sözləri kiməsə küçədə desələr, bişəkk, yortulma hadisəsi baş verərdi.
Xalq belə siyasi söhbətlərdən, seçicilər üçün yaardılmış optimal seçki mühitindən ləzzət alırdı. Yoxsa indiki kimi? “Filan müğənni ərindən boşanır”. Nə olsun? Bu, rutin söhbətdir. Hər gün hansısa müğənni boşanır və həftəsi tamam olmamış təzədən ərə gedir. Elə olur ki, heç boşanmır, amma təzə ərə gedir. Variantlar çoxdur.
Hanı bütün seçkilərin sevimli namizədi Hafiz Hacıyev? Seçki illərində xalq onunla nəfəs alırdı. İndiki “Komedixana”nın sketçlərinə ehtiyac yox idi, bəy özü hər şeyi təşkil edirdi. Onun debatının ertəsi günü kollektivlərdə, ictimai yerlərdə, xeyir-şər məclislərində eyzən Hafiz Hacıyevin sözlərinin söhbəti gedirdi. Seçicilər bu mövzuda çox fəal idilər. Hamısının da yaddaşı, namxuda, çox itiydi. Hafiz kişi nə demişdisə, əzbərdən bilirdilər. Təbii ki, onun çıxışlarından narazı qalanlar da vardı. Hesab olunurdu ki, studiyada danışdığı sözlərə görə onu ya telekanalın həyətində, ya da öz doqqazının qabağında tutub budayacaqlar. Xoşbəxtlikdən, heç kəs, özləri demişkən, “onun səviyyəsinə enmirdi”.
İndi elə koloritli namizədlər yoxdur. Hətta keçən seçkidə Suraxanı tərəflərdən namizədliyini verən və seçki plakatında özünü “Aptek Məzahirin nəvəsi” kimi tanıdan cavan oğlan da bu dəfə namizədliyini verməyib. Neynəsin? Görür ki, istedada, eləcə də vaxtilə babasının xalqı defisit dərmanla təmin etməsinə qiymət verən yoxdur.
Yenə sağ olsun bəzi namizədlər ki, unikal seçki kampaniyası aparmaqla seçkiyə prosesinə rəng qatırlar. Dünən bütün ölkə Razi Nurullayevin gimnastik hərəkətlərindən, “nə yeyib-içdiyi”ndən danışırdı. Xüsusilə də ikincidən. Adamlar əmindirlər ki, bu qədər qeyri-standart hərəkətlər, komplekssizlik yalnız xüsusu rasionla qidalanmanın nəticəsi ola bilər.
Gözəgörünməzə şükür etmək lazımdır ki, bəy insanlarda seçkiyə maraq oyadır. Maraqlı debatlar da yoxdur ki, namizədlərin tutarlı sözlərini əzbərləyib tirajlayaq. Seçki plakatları da zəifdir. Hamısında “xalqım, “seçicim”, “səs”, “sizinlə birlikdə” sözləri var. Əslində bu məsələdə geniş yaradıcılıq imkanları yoxdur. Nə qədər söz oynatsan da, nə oyun çıxarsan da, hamı bilir ki, məqsədin ağacdakı armudu dərməkdir.
Yaxşı bir araşdırmaçı lazımdır ki, hansı bürclərdən olan namizdlərin mandat almaq üçün daha şanslı olduğunu təsbit eləsin. Çox faydalı olar. Əgər Əqrəb bürcündən olanlara mandat yoxdursa, onların mövsümü deyilsə, ta meydana girib onu-bunu niyə sancır, zəhərləyirlər, girsinlər öz daşlarının altına, öz Zodiak saatlarını gözləsinlər. Balıqlar, Tərəzilər, Xərçənglər isə həmişə şanslıdırlar, onlar qabağa gedə bilərlər.
Xüləs, xalqa deputatdan çox tamaşa, lağlağı mövzusu lazımdır, zəhmət çəkib təşkil eləsinlər. Rəqqasələrin, müğənnilərin ərə getmək, ərdən boşanmaq söhbətləri daha ləzzət eləmir.
Samir Sarı
Musavat.com