Çağdaş Azərbaycanın uğur memarıbackend

Prezident İlham Əliyevin adı və fəaliyyəti Azərbaycanın çağdaş tarixində, xalqın taleyində və müstəqil dövlətçiliyin möhkəmləndirilməsində fövqəladə və danılmaz faktor kimi əks olunub. Müzəffər Ali Baş Komandan, xalqın sevimlisi olan Prezident İlham Əliyev bütün məmurlara, vəzifəli şəxslərə xalqa xidmətin şərəfini vurğulayarkən, özünü xalqın birinci qulluqçusu, haqlı olaraq, bütün azərbaycanlıların Prezidenti kimi xarakterizə etmişdi.
Onun bu parlaq yanaşması, dövlət idarəçiliyində insanlara xidmət fəlsəfəsini ən ön planda saxladığını bir daha təsdiqləyir.
Belə bir yanaşma həmçinin regionların sosial-iqtisadi inkişafı, maarifləndirmə, ailə, uşaq, qadın və gənclər siyasətində də öz əksini tapır.

Regionların sosial-iqtisadi inkişafı

Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi islahatlar, o cümlədən iri infrastruktur layihələr Azərbaycan regionlarını dirçəltdi və necə deyərlər, yenidən formalaşdırdı. Əhalinin rifahının artırılmasına yönəldilmiş layihələr, kənd təsərrüfatının dəstəklənməsi, sənaye parklarının yaradılması, çoxsaylı yolların çəkilməsi və sosial obyektlərin tikintisi sayəsində regionlar yeni inkişaf mərhələsinə qədəm qoyub.
Prezidentin xeyir-duası ilə həyata keçirilən, Heydər Əliyev Fondunun “Yeni Azərbaycana yeni məktəb” proqramı çərçivəsində tikilən təhsil müəssisələri yalnız maddi baza deyil, həm də maarifləndirmə üçün əsas platformaya çevrilib. Hər yeni məktəb, o kəndin, qəsəbənin simasını dəyişir, sakinlərin ovqatına pozitivlər yükləmiş olur.

Hamının Prezidenti olmaq məsuliyyəti

Prezident İlham Əliyevin fəaliyyətində hamının Prezidenti olmaq məsuliyyəti ən əsas prioritetdir. Əhalinin bütün təbəqələrinə olan münasibətində bərabərlik və ədalət prinsipləri əsas götürülür. Regionlardan paytaxta, iş adamlarından sadə fermerlərə qədər hər bir vətəndaşın qayğı və ehtiyacları dövlətin diqqət mərkəzindədir. Özəlliklə, pandemiya və postmüharibə dövründə göstərilən dəstək tədbirləri Prezidentin xalqla birgə olduğunu bir daha təsdiqlədi.

Vətəndaş cəmiyyəti və ailə siyasəti:
konseptual yanaşma

Dövlət başçısının konseptual baxışı ilə formalaşan siyasətdə vətəndaş cəmiyyətinin inkişafına xüsusi önəm verilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın da iştirakı ilə həyata keçirilən ailə, qadın və uşaq siyasəti çağdaş Azərbaycanın ən uğurlu örnəklərindəndir. QHT, KİV-lə bağlı konseptual yanaşmalar, “ASAN xidmət” kimi vətəndaş məmnuniyyətini gücləndirən layihələr, gənclərin innovativ ideyalarının dəstəklənməsi və sosial proqramlar vətəndaşların dövlətə olan inamını daha da artırır.

Qarabağ: Böyük Qayıdış və
yeni Zəfər salnaməsi

Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın illərdir gözlədiyi tarixi ədalət bərpa olundu. Müzəffər Ali Baş Komandanın qətiyyəti sayəsində 44 günlük Vətən müharibəsi və 1 günlük antiterror tədbirləri ilə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, xalqımızın milli qürurunun simvoluna çevrildi. Hazırda azad olunan torpaqlarda həyata keçirilən böyük quruculuq, bərpa işləri “Böyük Qayıdış” proqramının bir hissəsi olmaqla yanaşı, Qarabağı və Şərqi Zəngəzuru ən çağdaş regiona çevirmək məqsədini daşıyır.

Azərbaycanın yüksələn brendi

Prezident İlham Əliyevin adı artıq təkcə Azərbaycanla məhdudlaşmır. Beynəlxalq arenada ölkəmizin uğurlarını təmin edən lider qlobal miqyasda da çox önəmli təşəbbüslərlə çıxış edir. Azərbaycanın dünya enerji təhlükəsizliyində rolu, Şərq-Qərb nəqliyyat dəhlizindəki əhəmiyyəti və multikulturalizm siyasəti Prezidentin uzaqgörən və strateji liderlik örnəyidir.

Prezident İlham Əliyevin həyat və fəaliyyəti xalqına xidmət edən liderin çağdaş Azərbaycanı formalaşdırmaqda atdığı qətiyyətli addımlarla səciyyələnir. Bu fəaliyyət həm xalqın, həm də dövlətimizin gələcəyinə inamı möhkəmləndirir.

Adgününüz mübarək olsun, cənab Prezident!

Arzu BAĞIROVA,
“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri