Cəbrayılda DSX-nin hərbi hissəsində hərbi xəstəxana, idman və yaşayış kompleksləri istifadəyə verildibackend

Noyabr ayının 7-də Cəbrayıl rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hissəsində hərbi xəstəxana, idman və yaşayış kompleksləri xidməti istifadəyə verilib.

Bu barədə “Yeni Gundem”-ə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bununla əlaqədar təşkil olunan mərasimdə çıxış edən Xidmət rəisi general-polkovnik Elçin Quliyev işğaldan azad olunmuş ərazilərimizdə yeni inşa edilən hərbi hissə komplekslərinin fəaliyyətə başlaması münasibətilə şəxsi heyəti təbrik edib.

Çıxışda ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından və dövlət sərhədlərimizin işğaldan azad edilməsindən sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin həyata keçirilməsi qeyd olunub, görülən işlər çərçivəsində yeni hərbi hissələrin xidməti-döyüş fəaliyyətinə başlamasının dövlət sərhədinin mühafizəsi məsələlərinə ali diqqətin növbəti təzahürü olması bildirilib.

Vətən müharibəsində döyüş tapşırıqlarını uğurla icra edərək şücaət göstərən, bu gün də düşmən tapdağından azad olunmuş müqəddəs sərhədlərimizin toxunulmazlığını təmin edən Azərbaycan sərhədçilərinin ölkəmizin ərazi hüdudlarının mühafizəsi vəzifəsini hər zaman layiqincə yerinə yetirəcəkləri vurğulanıb.

Tədbir çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında iştirak edən Vətən müharibəsi iştirakçılarına “Vətən müharibəsi iştirakçısı” medalı təqdim edilib, həmçinin xidməti vəzifələrinin icrası zamanı fərqləndiklərinə görə bir sıra hərbi qulluqçular təltif olunub.

Açılış mərasimindən sonra hərbi qulluqçuların xidməti fəaliyyətinin təşkili üçün yaradılmış şəraitlə tanış olunub, o cümlədən zəruri avadanlıqlar, mebel, məişət əşyaları, istilik sistemi ilə təmin edilmiş xidməti otaqlara, döyüş texnikalarına, silah və texniki vasitələrə baxış keçirilib.

Tədbirin sonunda şəxsi heyətlə birgə nahar edilmiş və şəxsi heyətlə xatirə fotoşəkilləri çəkilib.