Cənubi Qafqazda əsas söz sahibi Azərbaycandır – Deputatbackend

Bu il fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Milli Məclisdəki andiçmə mərasimindəki tarixi çıxışının sonunda Azərbaycan-Ermənistan münasibətlərinə dair konseptual yol xəritəsini ortaya qoydu və bəyan etdi ki, bu məsələnin əhəmiyyəti süni şəkildə şişirdilir. Dövlətimizin başçısı bildirdi ki, Ermənistanla sülh müqaviləsinin imzalanmasının təşəbbüskarı məhz Azərbaycan olub. Vətən müharibəsi və antiterror tədbirlərində mütləq qələbələrə baxmayaraq, ölkəmiz beynəlxalq hüquq normalarını rəhbər tutaraq ərazi bütövlüyü və suverenliyi ehtiva edən sülh şərtləri irəli sürüb. Rəsmi Bakının təklif etdiyi beş prinsip əsasında isə bir neçə platformada dialoq başlanıb. Lakin proseslərin gedişatında Azərbaycan  sülh prosesinin uğurla reallaşması üçün iki vacib nüansa əsaslanır.

Birincisi, Bakı artıq qəti olaraq o qənaətdədir ki, Azərbaycan-Ermənistan münasibətləri, o cümlədən sülh prosesi beynəlxalq gündəliyin məsələsi deyil. Möhtərəm Prezident Münxen Təhlükəsizlik Konfransında ABŞ dövlət katibi və ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşlərində bu məsələ ilə bağlı qəti mövqeyini ortaya qoydu və bildirdi ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir. Qeyd edək ki, bu məsələ ilə bağlı artıq prosesdə marağı olan subyektlər Azərbaycanın direktivləri ilə barışmalı olub.

İkincisi, cənab İlham Əliyev hesab edir ki, sülh danışıqları delimitasiya və demarkasiya prosesindən tamamilə ayrılmalı, eyni zamanda vasitəçisiz davam etməlidir. Möhtərəm Prezidentin andiçmə mərasimində ifadə etdiyi kimi: “Ermənistanın havadarları daim yorğanı öz tərəflərinə çəkmək istəyirlər, vasitəçi olmaq istəyirlər. Birincisi, vasitəçi olmaq üçün sən gərək heç olmasa üzdə bitərəf olasan. Sənin qəlbində nə var, biz bilirik. Amma heç olmasa üzdə diplomatik qaydalara riayət etməlisən. Bizə bu məsələdə vasitəçi lazım deyil”. Azərbaycan Prezidentinin bu tezisləri də yekun sülh üçün əsas direktivə çevrildi. Bakı və İrəvan bu gün heç bir vasitəçi olmadan “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” üzərində işləyirlər. Eyni zamanda sərhədlərin delimitasiya və demarkasiyası sahəsində əhəmiyyətli nailiyyətlər mövcuddur.

Azərbaycan Prezidentinin hərbi-siyasi yolla yaratdığı reallıqlar fonunda beynəlxalq hüquqa əsaslanan mövqeyi artıq nəticələr verir. Ötən il dekabrın 7-də habelə bu il aprelin 19-da rəsmi Bakı ilə İrəvan arasında əldə edilən razılaşmalar münasibətlərin beynəlxalq gündəliyin məsələsi olmadığını, habelə vasitəçisiz təmasların daha effektiv olduğunu sübut etməklə bərabər, həm də regionda sülh üçün unikal imkan yaratdı. Eyni zamanda 30 il davam etmiş vasitəçilərin cəlb olunduğu səmərəsiz dialoqların ardınca vasitəçisiz danışıqlarla sülhə nail olmaq üçün unikal bir imkanın yaranması ümidləri artırdı. Biz Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında Qazaxıstanın Almatı şəhərində danışıqlara da məhz bu prizmadan yanaşmışıq. Almatıda Azərbaycan ilə Ermənistan arasında delimitasiya üzrə irəliləyiş və bununla bağlı əldə edilmiş razılaşmalar hər iki tərəfdən alqışlanaraq sülh sazişi üzrə müddəaların müzakirəsi davam etdirilsə də, hələ də fikir ayrılıqlarının mövcud olduğu məsələlər olub. Düzdür, tərəflər danışıqları davam etdirməyə razılaşıblar, lakin rəsmi İrəvan anlamalıdır ki, Azərbaycan bu danışıqları sonsuza qədər uzatmaq niyyətində deyil. Cənab Prezidentin də ifadə etdiyi kimi: “Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək”.

Aydındır ki, aprelin 19-da Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə əldə olunan razılığın ardınca yaranan pozitiv mühit Almatı görüşündən daha qəti nəticələr gözləntisi yaratmışdı. Görünən odur ki, Ermənistan ikili oynamaq niyyətindədir və güzəştə getmək məcburiyyətində qalmaqla bərabər, revanşist fikirlərindən də əl çəkə bilmir. Lakin Azərbaycan bütün situasiyalara hazırdır. Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda cənab Prezident demişdir: “Bizim artıq 30 ilə yaxın işğalla bağlı çox acı təcrübəmiz var. Biz gələcəyimizi real vəziyyətə əsaslanaraq planlaşdıracağıq. Yəni sülh sazişi imzalanmasa, dediyim kimi, silahlanma yarışı davam etdirilməlidir”.

Görünən odur ki, Ermənistan bu yarışmaya artıq başlayıb. Daha doğrusu, İrəvanda bəzi dairələrdə yanlış olaraq belə bir eyforiya yaranıb ki, Fransa, Hindistan və Yunanıstandan daşınan silahlar hesabına yenidən əvvəlki dövrün status-kvosunu bərpa edə bilərlər. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşada birinci yaşayış kompleksinin açılışında və şəhərə köçmüş ilk sakinlərlə görüşündə çox aydın formada xəbərdarlığını bildirdi: “Burada, bu torpaqda söz sahibi bizik. Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər halda hər kəs bilir ki, biz nəyə qadirik, Ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz”.

Bu mənada, Almatı görüşü dialoqun davam etdirilməsi kimi müsbət məqamı ehtiva etsə də, faktiki olaraq irəliyə doğru ciddi addıma səbəb olmadığı üçün ilk növbədə rəsmi İrəvanı düşündürməlidir.

Bəhruz MƏHƏRRƏMOV,

Milli Məclisin deputatı, hüquqşünas.