Ceyhun Bayramov Baydenin müşaviri ilə görüşdübackend

Mayın 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri çərçivəsində ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ilə görüşüb.

“Yeni Gundem” xəbər verir ki, əsas mövzusu Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə həsr olunmuş görüşdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da iştirak edib.

Görüşdə Ceyhun Bayramov Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi regionda sülhün və sabitliyin bərqərar olmasında maraqlı olduğunu bildirib və sülh müqaviləsinin razılaşdırılması və imzalanmasının vacibliyini vurğulayıb.

Ceyhun Bayramov bildirib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş addımlardan çəkinməlidir. O, həmçinin vurğulayıb ki, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin reinteqrasiyası ölkəmizin daxili işidir və Ermənistan tərəfinin bu istiqamətdə səylərə müdaxiləsi yolverilməzdir.

Nazir vurğulayıb ki, ciddi təhlükə mənbəyi Ermənistanın üzərinə götürdüyü öhdəliklərə, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə zidd olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən tam çıxarılmamasıdır.

Jake Sallivan bildirib ki, Amerika tərəfi regionda sülhün və sabitliyin təmin edilməsində, sülh müqaviləsi üzrə danışıqların uğurla başa çatmasında maraqlıdır.