5 yanvar 2025-ci il tarixində Polşa Respublikasının xarici işlər naziri Radoslav Şikorski Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
”Yeni Gundem” xəbər verir ki, Polşa xarici işlər naziri “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı bir daha başsağlığı diləklərini çatdırıb. Polşa tərəfinin faciənin səbəblərinin araşdırılması istiqamətində mümkün texniki dəstəyin göstərilməsinə hazır olduğu bildirilib.
Nazir Ceyhun Bayramov başsağlığı diləkləri və göstərilən həmrəyliyə görə təşəkkür edib.
Azərbaycanla Polşa arasında siyasi, iqtisadi, alternativ enerji, humanitar və digər sahələrdə münasibətlərin geniş perspektivə malik olduğu, əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və siyasi dialoqun intensivləşdirilməsinin əhəmiyyəti qeyd olunub.
Nazirlər telefon danışığı zamanı həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.