Ceyhun Bayramov Karen Donfridlə telefonla danışdıbackend

Xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı aparılıb.

“Yeni Gundem” xəbər verir ki, nazir Ceyhun Bayramov regiondakı son vəziyyət, o cümlədən Azərbaycanın suveren ərazilərinə canlı qüvvə və sursat daşınmasını davam etdirən Ermənistanın son təxribatları və güc tətbiq etmədən ölkəmizin bu təxribatlara qarşı atdığı addımlar barədə məlumat verib. Azərbaycan ərazisində qanunsuz fəaliyyətin qarşısının alınması üçün bir daha Laçın yolunun başlanğıcında Azərbaycan və Ermənistan arasında sərhəd-keçid məntəqəsinin yaradılmasının vacibliyi qeyd edilib. Nazir Ermənistanın sülh müqaviləsi üzrə danışıqlara mane olan qeyri-konstruktiv yanaşmalarına da diqqət çəkib və Azərbaycanın hər an sülh müqaviləsi üzrə danışıqlara başlamağa hazır olduğunu vurğulayıb.

Karen Donfrid də öz növbəsində regional sülh və inkişaf üçün Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasının vacibliyini vurğulayıb. Bölgədə son zamanlar yaranmış gərgin vəziyyətdən narahatlıq ifadə edilib və bütün anlaşılmazlıqların danışıqlar yolu ilə həllinə çağırış edilib. Amerika tərəfinin prosesi dəstəkləməyə hazır olduğu qeyd edilib.

Telefon danışığının sonunda nazir Ceyhun Bayramov yaxın vaxtlarda vəzifəsini tərk edəcək Karen Donfridə gələcək fəaliyyətində uğurlar arzulayıb.