Ceyhun Əsgərovun xanımı sükutu pozdu: Günay Əsgərova həyat yoldaşını tərk etməsinin səbəbini açıqladıbackend

“Bir aydan çoxdur Ceyhunla biz ayrı evlərdə yaşayırıq. Buna səbəb onun bir ildir başqa qadınla qeyri-rəsmi münasibətdə olmasıdır. Həmin qadın televiziyalardan birinin əməkdaşıdır. Xeyli müddətdir o, həyat yoldaşı və bacısı birləşərək, mənə və uşaqlarıma qarşı kampaniya başladıblar. Məndən polisə şikayət edir, məni oğurluqda suçlayırlar”.

“Yeni Gundem” xəbər verir ki, bu iddialarla Konkret.az-ın redaksiyasına bir müddət öncə xəstəxanaya yerləşdirilən tanınmış jurnalist, Milli qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərovun həyat yoldaşı Günay Əsgərova müraciət edib.

O bildirib ki, bütün bunlarla əlaqədar Yasamal Rayon Polis Bölməsinə rəsmi olaraq müraciət edib:

“Amma iş nədənsə irəliləmir. Ona görə də mən məcbur olub mediaya müraciət edirəm. Və istəyirəm ki, bu məsələ ictimailəşsin. Çünki həm mənim, həm də övladlarımın həyatı təhlükədədir. Bu insanlar nəyə desən qadirdirlər. Və mən hazırda iki azyaşlı övladımla tək yaşayıram. Onlar da yaşadığım yeri tanıyırlar, bağ evimizin də harada yerləşdiyini bilirlər. Övladlarımın da şəkilləri onlarda var. Hətta həmin qadının həyat yoldaşı bağ evimizdə polis əməkdaşının yanında məni təhqir və təhdid də edib. Bununla bağlı 102-yə iki dəfə müraciət etmişəm. Amma nədənsə məsələ ilə əlaqədar heç bir konkret tədbir görülmür”.

“Sizə qarşı kampaniyada məqsəd nədir?” sualına isə G.Əsgərova belə cavab verib:

“Mənə elə gəlir ki, həmin şəxslərdə Ceyhuna qarşı hansısa faktlar var. Bir məsələni xüsusi olaraq bildirim ki, hazırda Ceyhun dərin depressiya və psixoloji sarsıntı səbəbindən xəstəxanada müalicə alır. Amma çox adam bunu alkoqolizmə və narkotikə bağlayır. Əslində isə belə deyil. Bəzi xəbər saytları belə məlumatlar yerləşdirirlər və insanlar orada müxtəlif rəylər yazırlar. Onun iki övladı var. Böyük oğlumuzun 16 yaşı var. O, internetdə belə məlumatları oxuyur və bu, bizə çox böyük stress yaşadır. Əslində Ceyhunun depressiyaya düşməsinin səbəbi ailəsi deyil, onun dediyim qadınla qeyri-rəsmi münasibətinin aşkara çıxmasıdır. Və bunu hamı bilir. Mən bununla bağlı dəfələrlə jurnalistlərə bildirmişəm, amma bunu dərc eləmirlər. Deyirlər ki, Ceyhunun xətrinə dəymək istəmirik, Milli qəhrəmanın oğludur və s. Yaxşı, o, Milli qəhrəman oğludursa, mən də dövlət məmuruyam, mənə də pis təsir edir ki, çox adam məni günahkar çıxarır. Deyirlər, guya ona arxa durmuram, kömək eləmirəm.

Əslində isə elə deyil…

Mənə qarşı dediyim şəxslər tərəfindən təhdidlərə gəlincə, onlar elə bilirdilər ki, mən bu açıqlamanı daha öncə edəcəkdim. Və bunun qarşısını öz bildikləri metodlarla almaq istəyirdilər. Məni ittiham edirdilər ki, guya Ceyhunun telefonu vasitəsilə Facebook profilinə daxil olmuşam və o xanımla yazışmalarını paylaşmışam. Ona görə də polisə ərizə ilə müraciət ediblər. Guya həmin qadının şərəf və ləyaqətinə xələl gətirmişəm. Amma bu məsələ sübuta yetirilməyib. Yəni mən belə bir şey etməmişəm.

Həmin yazışmalarda isə Ceyhunla o xanımın isti, yaxın münasibətləri açıq-aşkar hiss olunur. Hətta Ceyhun rəsmi olaraq heç bir yerdə işləmədiyi halda o xanımın qızlarına mənim maaşımdan bahalı telefon alıb bağışlayıb. Bunu Ceyhun özü də etiraf edib.

– Bəs hazırda Ceyhun Əsgərovun səhhəti necədir Əksər insanlar, xüsusən də jurnalist həmkarları onun halına çox acıyır…

– Düzdür, hamı ona acıyır və yazırlar ki, ailəsi, yaxınları hardadır?

Hazırda Ceyhuna baxan insanlar mənim anamın dayısı oğlu və dayısı qızıdır. Onlar Ceyhuna hərtərəfli dəstək göstərirlər. Özəl klinikalardan birində müalicə alır, depressiyaya qarşı dərmanlar qəbul edir. Heç bir içki və narkotik qəbul etmir. Durumu artıq yaxşıdır. Bir neçə gündən sonra xəstəxanadan çıxmalıdır. Sadəcə olaraq ailəsini itirdiyinə görə depressiyası daha da dərinləşdiyi üçün onu hələ ki, buraxmırlar. Həkim də mənimlə əlaqə saxlayıb. Amma mən demişəm ki, onu heç vaxt bağışlamayacağam, bizi unutsun. Ceyhunun heç kimi yoxdur. İkimizin də qohumlarımız xaricdə yaşayır. O da burda təkdir, mən də. Sadəcə olaraq fərqimiz ondadır ki, onun ətrafında bu cür murdar məxluqlar var.

Və məni narahat edən daha çox insanların bütün bu məsələlərə görə mənə xor baxmasıdır. Mən özümü çox pis hiss edirəm ki, əksəriyyət soruşur, niyə Ceyhuna yiyə durmursan? Klinikanın işçiləri, şəxsi həkimi belə mənə birmənalı yanaşırlar. Amma onlar bilmirlər mən nə hisslər keçirirəm”.

Günay Əsgərovanın səsləndirdiyi iddialarla bağlı Daxili İşlər nazirliyinin mövqeyinə gəlincə, qurumun mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, daxil olan müraciət üzrə müvafiq araşdırma aparılır.