“Cəza Çəkən Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyi cəzaçəkmə müəssisələrində cəza çəkən və cəza çəkmiş qadınların sosial problemlərinin həllinə töhfə vermək istiqamətində fəaliyyətini davam etdirir.
İctimai Birliyin sədri, jurnalist Firuzə İskəndərova bildirib ki, bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikasındakı Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkum həyatı yaşayan altı qadının vəziyyəti ilə tanışlıq olub. Həmin altı qadından biri Hindistan vətəndaşı, üçü Naxçıvan şəhərinin, biri Lənkəran rayonunun, digəri isə Göyçay şəhərinin sakinidir. Tanışlıq zamanı müəssisənin müasir standartlara cavab verməsi, yaradılan şəraitin, daxili intizam qaydalarının qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi müşahidə olunub.
F.İskəndərova diqqətə çatdırıb ki, məhkumların sosial təminatına nail olmaq üçün onlar toxuculuq işinə cəlb edilib. Onların əl işləri səlahiyyətli nümayəndəliyin xətti ilə keçirilən tədbirlərdə satışa çıxarılır. Əldə olunan gəlir məhkum qadınların şəxsi hesablarına köçürülür. Bütün bunlar onların məhkumluq müddətində və məhkumluqdan sonrakı dövrdə sosial həyatlarına müsbət təsir edəcək.
QHT sədri muxtar respublikadakı Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsi ilə uğurlu əməkdaşlıq layihələrini gələcəkdə də həyata keçirməyi planlaşdırdıqlarını bildirib.