COP29-da iştirak edən Çin nümayəndə heyəti Milli Məclisdə olubbackend

Noyabrın 14-də Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım və deputat Ziyad Səmədzadə Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə COP29-da iştirak etmək üçün ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının parlament nümayəndə heyəti ilə görüşüblər.

“Yeni Gundem” bildirilib ki, komitə sədrinin müavini Fatma Yıldırım Çin Xalq Siyasi Məşvərət Şurasının Ətraf mühitin və resursların mühafizəsi komitəsinin sədr müavini Li Jinbinin rəhbərlik etdiyi nümayəndə heyətinin COP29-da iştirakını iqlim dəyişikliyi və ətraf mühit problemlərinə həssas yanaşmanın göstəricisi kimi yüksək qiymətləndirib. O, Azərbaycanla Çin arasında əlaqələrin artan dinamika ilə inkişaf etdiyini deyib, strateji xarakter daşıyan münasibətlərimizin bugünkü yüksək səviyyəyə çatmasında hər iki ölkənin dövlət başçılarının mühüm rolunu vurğulayıb, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində, bir çox qlobal əhəmiyyətli layihələrdə uğurla əməkdaşlıq etməsinə toxunub, Azərbaycanın yaşıl enerji və yaşıl texnologiyaların tətbiqi və təşviqi ilə bağlı gördüyü işlər barədə danışıb.

Çin parlamentinin komitə sədrinin müavini Li Jinbin COP29 kimi mötəbər tədbirin yüksək səviyyədə təşkilindən məmnunluğunu bildirib, Çinin Azərbaycanla qarşılıqlı-faydalı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdırıb. O, ölkəmizin COP29-a sədrliyi dövründə qlobal miqyasda iqlim dəyişmələrinə qarşı dayanıqlılığın artırılması, iqlim maliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı kimi sahələrdə mühüm nəticələrin əldə olunacağına inamını bildirib.

Görüş zamanı qlobal yaşıl gündəliyin təşviqi istiqamətində beynəlxalq səylərin əhəmiyyəti vurğulanıb, iqlim dəyişmələri ilə qlobal mübarizə imkanları müzakirə olunub.

Görüşdən sonra qonaqlar Milli Məclisin plenar iclas zalı və parlamentin foyesində yaradılmış Zəfər Guşəsi ilə tanış olublar.

Sonda görüş iştirakçıları xatirə şəkli çəkdiriblər.