Britaniya Ürək Fondunun (BHF) Elmi Məlumatlar Mərkəzinin dəstəyi ilə Kembric, Bristol və Edinburq universitetlərinin alimləri COVID-19-a qarşı peyvəndin gözlənilməz təsirini aşkar ediblər.
“Nature Communication” jurnalında dərc olunan araşdırmaya görə, peyvəndlər infarkt və insult hallarını azaldır.
Peyvəndin ilk dozasından sonra 13-24 həftə ərzində infarkt və insult hallarının nisbətinin 10 faiz azaldığı aşkar edilib. İkinci dozadan sonra belə hallar “AstraZeneca” peyvəndindən sonra 27 faiz, “Pfizer”/”Biotech” peyvəndindən sonra isə 20 faiz azalıb. Venoz trombotik hallara dair də analoji azalma müşahidə edilib.
Bununla belə, COVID-19 vaksinləri ilə əlaqəli məsələn, mRNA vaksinlərindən sonra miokardit və perikardit, adenovirus peyvəndlərindən sonra isə trombotik trombositopeniya kimi nadir ürək-damar ağırlaşmaları aşkar edilib. Lakin peyvəndlə bağlı yeni ciddi ürək-damar ağırlaşmaları müəyyən edilməyib.
Müəlliflərin fikrincə, tədqiqatın nəticələri ürək-damar sistemi üçün COVID-19 peyvəndinin təhlükəsizliyini təsdiqləyir. Peyvəndin faydaları risklərdən qat-qat üstündür və peyvənd COVID-19-un ağır hallarının qarşısının alınması üçün mühüm vasitə olaraq qalır.
Oxu.az