Cüdodan-Futbola, Parlamentdən-SOCARA…oradan da iqtisadiyyata- Rövnəq Abdullayevin 27 İLLİK KRESLO “EŞQİ”backend

Son günlər Azərbaycanın uzun illər dövlət vəzifələrində çalışmış, müxtəlif zamanlarda gündəmə gələn Rövnəq Abdullayev yenə də gündəmi zəbt edib.

“Yeni Gundem” onunla bağlı araşdırma aparıb.

Rövnəq İbrahim oğlu Abdullayev 1965-ci il aprelin 4-də Naxçıvan şəhərində anadan olub.

O, 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub. 1983–1985-ci illərdə Sovet Ordusunda hərbi xidmətdə olan Rövnəq Abdullayev, 1985-ci ildə V. V. Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutuna transfer olunub və 1989-cu ildə həmin institutu bitirib. 1989–1997-ci illərdə “Neft Daşları” Neft-Qaz Çıxarma İdarəsi (NQÇİ) və “28 May” NQÇİ-də, habelə “Xəzərdənizneftqazinşaat” Trestinin inşaat-quraşdırma idarəsində şöbə rəisi, mühəndis və baş mühəndis vəzifələrində çalışıb. 1997–2003-cü illərdə “Xəzərdənizneftqazinşaat” Trestinin müdiri vəzifəsində çalışan Rövnəq Abdullayev, 2003–2004-cü illərdə Heydər Əliyev adına Neft Emalı Zavodunun rəhbəri olub. 2004-cü ildə “Neftçi” Futbol Klubunun Prezidenti seçilən Rövnəq Abdullayev, 2005-ci il noyabrın 6-da baş tutan Azərbaycan Milli Məclisinə III çağırış seçimlərə qatılıb. 24 saylı Nizami 1-ci dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Rövnəq Abdullayev, seçimdə qalibi gəldi və Milli Məclisin üzvü oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 10 noyabr 2005-ci il tarixli 1147 nömrəli Sərəncamı ilə Rövnəq Abdullayev, ARDNŞ Prezidenti vəzifəsinə təyin edilib. 2008-ci il martın 14-də 4 il müddətinə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Prezidenti seçilən Rövnəq Abdullayev, Neftçi FK-nın Prezidenti vəzifəsindən istefa verdi. Rövnəq Abdullayev 2010-cu il noyabrın 7-də baş tutan Azərbaycan Milli Məclisinə IV çağırış seçimlərədə qatılıb. 24 saylı Nizami 1-ci dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Rövnəq Abdullayev, yenə seçimdə qalib gəldi. 2012-ci il martın 10-da Rövnəq Abdullayev növbəti dəfə 4 il müddətinə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Prezidenti seçilib. 2015-ci il sentyabrın 4-də isə Azərbaycan Cüdo Federasiyasının (ACF) Prezidenti seçilən Rövnəq Abdullayev, 2015-ci il noyabrın 1-də baş tutan Azərbaycan Milli Məclisinə V çağırış seçimlərədə qatıldı. 24 saylı Nizami 1-ci dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Rövnəq Abdullayev, üçüncü dəfə seçimdə qalibi gəlib. 2016-cı il martın 11-də Rövnəq Abdullayev üçüncü dəfə 4 il müddətinə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Prezidenti seçilib. Rövnəq Abdullayev 2020-ci ilin dekabr ayından etibarən SOCAR Türkiyə ilə yanaşı, şirkətin törəmə müəssisələri olan “Petkim” və STAR NEZ-in İdarə Heyəti sədri vəzifələrini icra etməyə başlayıb.Prezident İlham Əliyevin sərəncamı ilə 2022-ci il fevralın 10-da Rövnəq Abdullayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifəsindən azad edilib. Prezidentin digər sərəncamı ilə Rövnəq İbrahim oğlu Abdullayev Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini təyin edilib.

Geridə qoyduğumuz ilin oktyabrın 13-də onun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı informasiyalar yayılmışdı. Beləliklə, AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan yığmasının AÇ-2024-ün seçmə mərhələsində Estoniya ilə səfər qarşılaşmasına getməyib. Baxmayaraq ki, onun səfəri əvvəlcədən planlaşdırılmışdı. AFFA-nın baş katibi Sərxan Hacıyev mətbuata verdiyi açıqlamada bunu Rövnəq Abdullayevin işinin çoxluğu ilə əlaqələndirib. “Rövnəq müəllim həm də iqtisadiyyat nazirinin müavinidir. Qrafik sıxlığı ilə bağlı bura gələ bilmədi. Amma komanda ilə görüş oldu, telefon bağlantısı ilə qoşulmuşdu. Bir çox məsələlər müzakirə edildi”, – Hacıyev deyib.

6 oktyabr 2023-cü ildə Rövnəq Abdullayevin Böyük Britaniyanın paytaxtı London şəhərində 37 milyonluq mülk alması ilə bağlı xəbərlər geniş əks-səda doğurmuşdu.

“R.Abdullayevin oğlu Rəşad Abdullayev bir müddət öncə Londonun ən bahalı məhəllələrinin birində yerləşən ərazidə qiyməti 22 milyon dollara (37 milyon manat) daşınmaz əmlak alıb. Rövnəq Abdullayev vəzifədə olduğu dönəmdə kürəkəni Rauf Əliyev daxil olmaqla, qayınatası və digər yaxın qohumlarının varlanmasına imkan yaradıb. Hazırda oğlu kürəkəni və qayınatasının Türkiyədə, İngiltərədə, Dubayda daşınmaz əmlaklar aldığı və biznes şəbəkəsi qurduğu bildirilir. Onu da qeyd edək ki, R.Abdullayev bütün sərvətini ölkədən çıxarmağa nail olduqdan sonra ailəsini xaricə köçürəcək”- deyə məlumatda deyilir.

Qeyd edək ki, bir müddət öncə Rövnəq Abdullayevin xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumatlar yayılmışdı.