Misli Premyer Liqasında IX turun “Qəbələ” – “Qarabağ” (0:1) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
“Yeni Gundem” xəbər verir ki, 50 yaşlı mütəxəssis əvvəlcə matç barədə fikirlərini bölüşüb.
– Futbolçularımı təbrik edirəm. Bu ərəfələr ən vacib 3 xalımızdan biri idi. Komandada bir az narahatlıq var idi. Səfərdən sonra tam özlərinə gləməmişdilər. Bunun şahidi olduq. Çox əziyyət çəkdilər. Bəzən istədikləri alınmayanda gərginlik olur. Yaxşı komandaya qalib gəldik. Azlıqda qalsalar da, sona kimi mübarizə apardılar. “Qəbələ”yə uğurlar arzulayıram.
– Leandro Andradenin vəziyyəti necədir?
– Böyük ehtimalla əzələ zədəsidir. Sabah dəqiq məlumat olacaq.
– Qırmızı vərəqə epizodunda hakimə nəsə dediz…
– Yox. Sadəcə, baxmaq istəyirdim.
– Belə təəssürat yarandı ki, qırmızı vərəqə verilməsini istəmirdiz…
– Daha hakimlərin işinə qarışmayacam. Referi dedi ki, baxmaq olmaz. Ona görə kənara çəkildim.
– Uzun fasilədən sonra meydanda olan Kevin Medina və Maksim Medvedev dueti necə təsir bağışladı? Qarşıdakı matçda meydana çıxa biləcəklər?
– Ümumən yaxşı çıxış etdilər. Amma oyun ritmində çatışmazlıq hiss olunurdu. Uzun fasilədən sonra çətindir. Amma sona kimi meydanda oyunu idarə edə bildilər. Bu, çox vacib idi. Rəqib azlıqda qalandan sonra daha rahat oldu. Bir neçə günümüz var. Hazırlıq səviyyələrinə görə qərar verəcəyik.
– Qarşıda “Olimpiakos”la oyun var. Ev matçı barədə nə düşünürsüz?
– Xüsusi bir fikrimiz yoxdur. Sabahdan hazırlığa başlayacağıq. Oyunumuzu analiz edəcəyik. Gedişata uyğun addım atmağa çalışacağıq. İstər-istəməz gərginlik var. Gözləntilər və istək çoxdur. Hazırlıqda problem olmayacaq. Sabahdan vaxtımız olacaq ki, futbolçuları optimal formaya qaytaraq.
– Oyun sistemində dəyişiklik olacaq?
– Oyunun gedişatında hansısa detallar əlavə oluna bilər. Öz oyunumuzu daha da yaxşılaşdırmağın üzərində işləməliyik.
– Qara Qarayevin De Byazi ilə bağlı problemləri aydın idi. Maksim Medvedev də taktika ilə bağlı açıqlama verdi. Hər iki oyunçunun “Qarabağ”ın üzvü olması müzakirələrə səbəb olub…
– Hər ikisi həm də millinin futbolçusudur. Qəribə bir şey görmürəm. Milli haqqında fikir bildirmirəm. Öz aralarında olan diskusiyadır. Hərə bir formada fikrini çatdırır. Dünya praktikasında olan şeylərdir. Belə hallar baş verir. Nə olur, onu deyə bilmərəm, fikir bildirmək düşüncəm yoxdur.
– Çoxları düşünür ki, “Qarabağ”a ölkədə rəqib yoxdur. Siz nə fikirləşirsiz?
– Çalışırıq, işimizi görək, üzərimizə düşən vəzifəni yerinə yetirək. Qarşıda çox oyun var. Çempion olmaq istəyirik. Amma bunu istəyənlər çoxdur. İndidən nəsə demək olmaz. Hər kəsə bizə inandıqları üçün təşəkkür edirəm.(futbolpress.az)