Daşkənd kənd sakinlərinin deportasiyasından 70 il ötür – FOTOLARbackend

Qərbi Azərbaycan İcmasının Bərdə rayonunun Daşkənd kənd nümayəndəliyinin təşkilatçılığı ilə Bərdənin Yeni Daşkənd kəndində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi, Qərbi Azərbaycanlıların Göyçə mahalının Daşkənd kəndindən deportasiya olunması və Yeni Daşkəndin salınmasının 70 illik tarixi ilə bağlı tədbir keçirilib. Tədbirdə Bərdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, deputatlar, ziyalılar, qonaqlar və kənd əhalisi iştirak edib.

“Yeni Gundem”
xəbər verir ki, tədbiri Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev açaraq Qərbi Azərbaycanda soydaşlarımızın deportasiya tarixi, 1953-cü ildə Göyçənin Daşkənd kəndindən deportasiya olunan soydaşlarımızın Bərdə rayonunda Yeni Daşkənd kəndində məskunlaşmaları barədə ətraflı məlumat verib.

Sonra söz Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərliyə verilib. O, tədbirin Azərbaycan xalqı və hər bir azərbaycanlı üçün tarixi önəm kəsb edən günlərdə – Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi günlərində keçirilməsinin böyük rəmzi məna daşıdığını qeyd edib. Sədr bildirib ki, azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyasına ilk tarixi-siyasi qiyməti 1997-ci il dekabrın 18-də imzaladığı tarixi Fərmanı ilə məhz Ulu Öndər Heydər Əliyev vermişdir.
Əziz Ələkbərli qeyd edib ki, məhz həmin fərman Qərbi Azərbaycan İcmasının bu gün böyük uğurla həyata keçirdiyi Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təməlini təşkil edir. Ulu Öndərin Heydər Əliyevin tarixi torpaqlarımızla bağlı səsləndirdiyi fikirlər, atdığı addımlar bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, qətiyyətlə həyata keçirilir.
Tədbirdə Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanov, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının üzvü, akademik Abel Məhərrəmov, deputat Zahid Oruc, əslən Daşkənd kəndindən olan professor Azər Kərimov, tədqiqatçı Araz Yaquboğlu və digərləri çıxış ediblər.
Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli şəhid ailələrinə, tədbirin təşkilatçılarına və əslən Daşkənd kəndindən olan bir qrup ziyalıya İcmanın Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı xatirə hədiyyələri təqdim edib.
Tədbirin sonunda Qərbi Azərbaycan İcmasının Yeni Daşkənd kəndi üzrə nümayəndəsi, Yeni Daşkənd bələdiyyəsinin sədri Xəzan Fəzair Piriyev tədbir iştirakçılarına təşəkkür edərək, iştiraklarına görə minnətdarlığını bildirib.