Dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan Mahmud Tutunçiyevin ailəsini bu gün ziyarət etdik.
Mahmudun 20 yaşı vardı və o, ailənin tək övladıydı. Bakı Avrasiya Universitetinin III kurs tələbəsi idi. Ailəsi, qonşuları onun haqqında o qədər xoş xatirələr danışırdı ki…
Ailəsi bildirdi ki, Mahmud balamız Yeni ili qohumları ilə birgə qarşılamaq üçün Qroznıya gedirmiş. Ancaq təəssüf ki, məlum faciə nəticəsində onun gələcək arzuları kimi, bu arzusu da ürəyində qaldı.
Ailəsinin fəryadından, “can ay bala” deməsindən adamın ürəyi parçalanır, sümüyü sızıldayır. Təəssüf ki, ailəsinə səbir diləməkdən və mərhum Mahmud balamıza rəhmət oxumaqdan başqa əlimizdən heç nə gəlmir.
Qeyd edim ki, Prezident İlham Əliyevə hadisə məruzə ediləndən dərhal sonra dövlətimizin başçısı qəza ilə əlaqədar məsələləri nəzarətə götürdü. Ölkə başçımız tərəfindən qəzanın səbəblərinin araşdırılması və təxirəsalınmaz tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına lazımi tapşırıqlar verildi.
Pilotların və bütün ekipaj üzvlərinin fəaliyyəti Azərbaycan lideri tərəfindən yüksək qiymətləndirildi. Dekabrın 29-da Prezidentin Sərəncamıyla ekipajın üç üzvü – iki pilot və bir bələdçi “Milli Qəhrəman” adına layiq görüldü, iki bələdçi isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edildi. Bütün bunlar növbəti dəfə sübut edir ki, Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır.
Mən bir daha təyyarə qəzasında həyatını itirənlərə Allahdan rəhmət, onların yaxınlarına və doğmaların səbir diləyirəm. Allahdan yaralıların tezliklə şəfa tapmasını arzulayıram!
Əminəm ki, hadisənin günahkarları tezliklə layiqli cəzalarını alacaqlar!