Deputat:Azərbaycanın bu sahədə aktivliyi, ölkəmizin qlobal siyasətdə daha əhəmiyyətli bir rol oynamasına şərait yaradırbackend

Prezident İlham Əliyevin COP29 çərçivəsində kiçik ada dövlətlərinə yönəlmiş dəstək mesajları, onların qarşılaşdığı çətinliklər və beynəlxalq miqyasda bu cür ölkələrin mövqeyinin gücləndirilməsi istiqamətindəki mübahisələri geniş şəkildə əks olunur. Prezidentin çıxışında bir neçə önəmli məqama diqqət yetirmək lazımdır:
İqlim dəyişikliyinin təsirləri haqqında Prezident İlham Əliyev, iqlim dəyişikliyinin qlobal miqyasda yaratdığı fəsadların artıq bütün ölkələrə təsir etdiyini, lakin kiçik ada dövlətləri üçün bu məsələnin daha ekzistensial xarakter daşıdığını vurğulayır. Xüsusilə, Azərbaycanın da iqlim dəyişikliyindən təsirlənməsi və bunun aradan qaldırılması üçün beynəlxalq dəstəyin vacibliyi önə çəkilir.
Beynəlxalq əməkdaşlıq və dəstək üçün Azərbaycan kiçik ada dövlətlərinə, fəlakətlər zamanı konkret yardım göstərməklə yanaşı, iqtisadi və humanitar layihələrdə də dəstək verir. Bu, yalnız iqlim dəyişikliyi ilə mübarizədə deyil, həm də sosial və iqtisadi inkişaf məsələləri ilə bağlı vacibdir. Azərbaycanın bu sahədə aktivliyi, ölkəmizin qlobal siyasətdə daha əhəmiyyətli bir rol oynamasına şərait yaradır.
Prezidentin çıxışında maliyyə və texniki dəstək, iqlim maliyyəsinin əlçatanlığına vurğu edilməsi, COP29-da bu məsələnin müzakirə olunmasının vacibliyi, dünya miqyasında dayanma gücünü artırmaq istəyən kiçik dövlətlər üçün həyati əhəmiyyət daşıyır. Eyni zamanda, COP29 çərçivəsində təşkil olunmuş əməkdaşlıq, inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliklərinə adaptasiyasında mühüm rol oynayacaq.
Fransa və Niderlandın müstəmləkə keçmişi olan ərazilərinin indiki vəziyyəti, dekolonizasiya prosesi və insan haqlarının pozulması bu bölgələrdə yaşayan xalqların üzləşdiyi zülm və ekoloji fəsadlar, bəşəriyyətin qarşısında olan ciddi problemlərdən biridir. Bu kontekstdə, Fransanın həyata keçirdiyi nüvə sınaqları və onların nəticələri barədəki məlumatlar, ekosistemə və insan hüquqlarına vurulan ziyanın ciddi bir nümunəsidir.
Avropa institutlarının, o cümlədən Avropa Parlamentinin və Avropa Şurasının iğtişaşlara və insan hüquqları pozuntularına qarşı yetərli reaksiyasının olmaması siyasi riyakarlıqdır. Bu, qlobal diplomatiya sahəsindəki ikiüzlülük və siyasi korrupsiya müzakirələrini gündəmə gətirir.
Prezident İlham Əliyevin çıxışında kiçik ada dövlətlərinin müdafiəsi və onlara dəstəyin vacibliyi açıq şəkildə ifadə olunur. Bu yanaşma, regional və beynəlxalq miqyasda əməkdaşlığın gücləndirilməsi, ekoloji fəsadlarla mübarizə və insan hüquqlarının qorunmasına yönələn səylərin artırılmasına xidmət edəcək. Azərbaycanın bu məsələlərdəki fəallığı, ölkənin qlobal diplomatiyadakı mövqeyini gücləndirmək və sülh, sabitlik üçün yeni imkanlar yaratmaq baxımından mühüm əhəmiyyət kəsb edir.

Ülviyyə Həmzəyeva

Milli Məclisin deputatı