Deputat Bərdə rayonuna növbəti səfəri çərçivəsində Bərdə şəhər mərkəzi stadionunun vəziyyətilə tanış oldu və yeni yaradılmış “Bərdə” Futbol Klubunun oyunçu və məşqçi heyəti ilə görüşdü.
“Bərdə” FK 2023-cü ilin sentyabr ayında yaradılmış və bizim yaxından dəstəyimizlə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında qeydiyyatdan keçərək Region liqasında iştirak etmək hüququ qazanmışdır.
Qeyd edim ki, uzun illərdən sonra yaradılmış “Bərdə” Futbol Klubunun ev oyunlarının keçiriləcəyi Bərdə şəhər mərkəzi stadionu 1980-ci ildə tikilib istifadəyə verilib. Müxtəlif illərdə Azərbaycan çempionatlarında çıxış edən Bərdəni təmsil edən futbol komandası öz oyunlarını bu stadionda keçirib. Ancaq çox təəssüf ki, uzun illərdir baxımsız qalan stadion hazırda acınacaqlı durumdadır və əsaslı təmirə ehtiyacı var. Tribunaların ancaq daşı qalıb və qazon örtüyü, idmançıların soyunub-geyinmə otaqları, məşqçilər və hakimlər üçün otaqlar bərbad vəziyyətdədir. Keçmişdən futbol ənənəsi olan Bərdə rayonunun sakinləri stadionun mövcud vəziyyətindən narahatdırlar. İki yüz min nəfərə yaxın əhalisi olan Bərdə rayonunda gənclərin və yerli futbolsevərlərin asudə vaxtını səmərəli keçirməsi üçün stadionda heç bir şərait yoxdur. Stadion təmir olunarsa son vaxtlar Bərdədə geniş yayılmış yüngül atletika məşqləri də burada uğurla keçirilə bilər. Bir sözlə, gənclərin idmana təşviqi üçün stadionun standartlara uyğun vəziyyətə gətirilməsi çox vacibdir. Hal-hazırda bununla bağlı araşdırmalarımız davam edir və Bərdə şəhər mərkəzi stadionunun əsaslı təmiri məsələsinin həll olunması qarşımıza qoyulan əsas məqsədlərdən biridir və a idiyyəti qurumlara bu haqda müraiətlərimiz olacaqdır. İnanırıq ki, stadion tezliklə təmir olunaraq bərdəli gənclərimizin istifadəsinə veriləcək və bu hadisə rayonda idmanın inkişafına güclü təkan verəcək.