“İqlim dəyişikliyinin təsirindən kənarda qalmayan uşaqlar və gənclər çox vaxt iqlim siyasətindən kənarda qalırlar. Halbuki iqlim dəyişmələri uşaqların sağlamlığına, inkişafına, təhlükəsizliyinə və əsas xidmətlərə çıxışına ciddi təsir göstərir. Təəssüf ki, bir milyarda yaxın uşaq, yəni dünyanın uşaq əhalisinin yarısı iqlim dəyişmələri təsirlərindən “son dərəcə yüksək risk” altında olan 33 ölkədən birində yaşayır”.
“Yeni Gundem” xəbər verir ki, bunu COP29 çərçivəsində keçirilən Milli səviyyədə müəyyən edilmiş töhfələrdə uşaq və gənclərin iştirakı: Tərəqqi və nailiyyətlər mövzusunda tədbirdə Azərbaycan Milli Məclisinin deputatı Nigar Məmmədova deyib.
O deyib ki, uşaqlar və gənclər yalnız müşahidəçi olmaqdan imtina etməlidir:
“Gənc liderlər və fəallar iqlimlə bağlı təcili tədbirlərə çağıran iqlim kampaniyaları təşkil edirlər. Lakin onların qərar qəbul etmə prosesinə daxil edilməsini təmin etməliyik”.
NDC-də uşaq və gənclərin iştirakı barədə danışan Nigar Məmmədova deyib ki, Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) gənclərin daha çox iştirakı bütün cəmiyyətin maraqlı tərəflərinin daha inklüziv iştirakını təmin edəcək:
”Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrdə (NDC) ən isti ilin ardınca gələcəyimizin necə olacağına qərar verəcək. Nəzərə alsaq ki, NDC-lər ölkələrin qlobal iqlim hədəflərinə töhfə verən əsas mexanizmdir, bu mənada gənclərin qərar qəbuletmə proseslərində fəal iştirakı ilə təsirli və davamlı nəticələr əldə edilə bilər. Uşaqların və gənclərin iqlim, ətraf mühit siyasətində mərkəzləşdirilməsi onların üzləşdiyi iqlim risklərini azaltmaqla yanaşı, siyasətdə yeniliklərə təkan verə bilər. Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri hazırlayarkən gənclərin də masa arxasında oturmalarını, bəşəriyyətin iqlim böhranına reaksiyasını formalaşdırmaqda mənalı şəkildə məşğul olmalarını təmin etməliyik. Burada iqlim savadlılığını da gözardı etməməliyik. Gənclərin iqlim ambisiyalarını artırmaq üçün maarifləndirici proqramlara cəlb etmək məqsədəuyğun olardı. Gənclərin səlahiyyətlərinin artırılması sadəcə zərurət deyil, həm də sağlam ətraf mühit hüququ ilə uzlaşan fundamental insan hüququdur. Hökumətlər gəncləri bu prosesə dəvət etmək üçün yeni mexanizmlər hazırlamalıdır. Bu prosesdə vətəndaş cəmiyyətinin iştirakı da olduqca vacibdir. Belə ki, Gənclər təşkilatları xüsusilə həssas qrupları müəyyən edə və onlara masa arxasında yer təklif edə bilərlər. İqlim problemlərinin həllində gənclərin innovativ ideyalarından istifadə effektiv olar bilər”.
Eko savadlılıq məsələsinə toxunan deputat söyləyib ki, iqlim dəyişikliyi təhsilinin milli kurrikulumlara inteqrasiyası iqlim savadlılığının artırılmasına töhfə verə bilər:
“Gələcək nəsillər dəyişən iqlimin təsirləri ilə yaşamalı və onları idarə etməli olacaqlar. Gənclərin prosesə qoşulması daha iddialı iqlim fəaliyyətinə gətirib çıxara bilər”.
Nigar Məmmədova çıxışı zamanı Azərbbaycan təcrübəsinə də toxunub:
”Öz ölkəmin təcrübəsinə istinad edərək, qeyd etmək istəyirəm ki, Azərbaycan Hökuməti BMT-nin UNİCEF təşkilatı ilə Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzalayaraq, iqlim siyasətində uşaqları ön plana çəkmək öhdəliyini götürüb. Məhz bu bəyannamə inklüziv, həmçinin, uşaqlar və gəncləri rəhbər tutan iqlim siyasətlərini və fəaliyyətlərini sürətləndirmək üçün yerli və qlobal səviyyələrdə qəbul edilmiş sənəddir. Uşaqları iqlim dəyişmələri üzrə siyasətlərin mərkəzinə yerləşdirməyimiz və iqlim dəyişmələrinin təsirlərindən onları qorumaq üçün həll yollarına sərmayə yatırmağımız vacibdir. Azərbaycanın bu bəyannaməni imzalaması uşaqları iqlim gündəminin mərkəzinə qoyan növbəti bir addımdır.
Uşaqlar üçün vacib olan təhsil, sosial müdafiə və səhiyyə kimi mövcud sistemləri uyğunlaşdırmaq və gücləndirmək üzərində çalışmalıyıq. Məqsəd bu xidmətləri iqlim dəyişmələrinə davamlı və təsirlərə cavab verə bilən etməkdir”.
“Həssas qrupdan olan şəxslərin ətraf mühitin və təbiətin müxtəlifliyinin qorunmasına dəstək tədbirlərində iştirakını təmin etmək üçün çoxsaylı layihələrin təşkilatçısı kimi deyə bilərəm ki, mənim ölkəm uşaqlar və gənclər üçün əhəmiyyətli olan iqlim prosesinə sadiqdir. Mən hər kəsi iqlim fəaliyyətlərinin uşaqlar və gənclər üçün daha davamlı bir gələcək yaratmağa necə töhfə verəcəyini düşünməyə çağırıram”, – deyə o bildirib.