“26 İyun Milli Ordu Günü Zəfər tariximizin ən şanlı səhifələrindən biridir. Artıq ikinci ildir ki, xalqımız Milli Ordu Gününü müzəffər xalqın Müzəffər Ordunun yaranma günü kimi qeyd edir. Artıq bu günü xalqımız qürurla, alnıaçıq, üzüağ bayram edir. Dünyanın ən güclü ordularından biri olan Milli Ordumuz qazandığı bu zəfərlə bir daha Azərbaycan xalqının, onun dövlətinin və onun Liderinin Müzəffər Ali Baş Komandanının gücünü, əzmini, yenilməzliyini, qətiyyətini, prinsipiallığını, xalqına bağlılığını bir daha sübut etdi”.
Bu sözləri “Yeni Gündəm”-ə açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.
Millət vəkili bildirib ki, bu Zəfərlə xalqımız öz Lideri və Milli Ordusu ilə məğlubedilməz Birlik nümayiş etdirdi: “Çağdaş dövlətimizin qurucusu, Ulu Öndərimizin xeyir-duası ilə sağlam təməllər əsasında qurulan Milli Ordumuz öz gücü və qüdrəti Müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin güclü dövlətçilik təcrübəsi və əzmkar siyasi iradəsi sayəsində daha da artdı və yenilməz bir Orduya çevrildi.
Bildiyimiz kimi 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusunun yaradılması haqqında çox mühüm sənəd qəbul edilmişdi. Çox təəssüf ki, Sovet umperializminin “Qızıl Ordusu” Ölkəmizə qarşı işğalçılıq siyasəti ilə Xalq Cümhuriyyətinin süqutu uğradı. Bu səbəbdən də Milli Ordu quruculuğu prosesi də yarımçıq qalmışdı. Sözsüz ki, 1920-91-ci ilıər hər kəsə bəllidir. Respublikamızda Milli Ordunun yaranması da Ümummilli Liderin adı ilə bağlıdır. 1991-93-ci illərdə ölkədəki hərcmərlik səbəbindən ordu quruculuğundan söz danışmaq mümkün deyil. Əksinə bu sahədə də ölkə xaos dövrünü yaşamışdı və ancaq ayrı-ayrı dəstələr konkret adamlara xidmət edirdi. Məhz ordu quruculuğunda dönüş yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə həyata keçirilmişdi. Ulu Öndər hətta Sovet dönəmində, 1969-cu ildə hakimiyyətə gəlişindən sonra da Sovetin sərt şovinist rejiminə baxmayaraq, ölkəmizdə hərbi kadrların hazırlanması prosesi ilə başlandı. Bu Uzaqgörən Şəxsiyyət 1971-ci ildə böyük çətinlikləri dəf edərək, ölkəmizdə görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, milli zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı”.
Deputat sözlərinə belə davam edib: “Bunun nəticəsidir ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Ulu Öndərin zəhməti sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu. Hələ Sovetlər dövründə Ulu Öndərin həyata keçirdiyi bu siyasət əslində gələcək müstəqil Azərbaycanın milli ordusunun yaradılması üçün görülən böyük işlər idi. Milli Liderimiz Respublikamıza ikinci dəfə hakimiyyətə gəldikdan sonra, daha doğrusu 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ölkənin rəhbərliyinə gəlməklə ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Belə ki, 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra bütün sahələrdə olduğu kimi Azərbaycan Milli Ordusunun formalaşması sahəsində böyük işlər görüldü. Ulu Öndərin müdrik siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Bütün bu həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı. Eyni zamanda, Ulu Öndərin rəhbərliyi ilə hərbi təhsil sisteminin inkişaf etdirilməsi üçün ciddi işlər görülürdü. Belə ki, Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamışdır. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər. Ordu quruculuğu sahəsində həyata keçirilən kompleks tədbirlər nəticəsində Azərbaycan Ordusu modern orduya çevrildi.
2003-cü ildən idən isə Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla, müasir dövrün tələbləri çərçivəsində həyata keçirən Prezident cənab İlham Əliyev tərəfindən Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsinə, müasir infrastrukturun yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə, mənzil təminatının yaxşılaşdırılmasına, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə hər zaman xüsusi diqqət yetirilir. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib. Silahlı qüvvələrin modernləşdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətinin strateji isiqamətlərindəndir. Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin Ordu quruculuğu ilə əlaqədar öz vədinə sadiq olduğunu təsdiq edir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.
Fəxrlə deyə bilərik ki, bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Buna müvafiq olaraq büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin imkanları da genişlənir. Məhz həyata keçirilən düzgün strategiya nəticəsində, xüsusən Vətən müharibəsindən sonra Azərbaycan Ordusu dünyanın ən güclü sırasında yer alır. Azərbaycan Ordusu dünyanın ən güclü ordularından biridir. Bu gücü Milli Ordumuz 44 günlük Vətən müharibəsində əyani olaraq sübut etdi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbənin şahidi oldu. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər, Ağdam, Laçın və ümumilikdə 300-dən çox yaşayış məntəqəsi azad edildi. Məhz əldə olunan möhtəşəm Zəfərilə Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu.
Bugün qürurla Aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikasını təhlil edərək Ordumuzun hətta dünyanın ən aparıcı ölkələrinin orduları cərgəsində olduğunu bildirmişlər. İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. Müzəffər Ordumuzun qüdrətini və gücünü artıran amillərdən biri də xalqımızla Müzəffər Ali Baş Komandan-ordu birliyidir. Bütün dünya Vətən Müharibəsi zamanı Azərbaycan xalqının necə möhkəm yumruq kimi birləşməsin şahidi oldu.
Ölkəmizdə vətəndaş həmrəyli bərqərar olubdur. Bugün işğaldan azad olunmuş ərazilərdə müharibənin və 30 illik işğalın ağır nəticələrinin aradan qaldırılması prosesi də də məhz xalq-iqtidar birliyi və xalqın Liderinə olan sonsuz inamı ilə həyata keçirilir”.