Quba şəhəri Nəriman Nərimanov küçəsi 75 ünvanında “Aqua Park” və onun ətrafında, həmin mərkəzin olduğu inzibati binanın yaxınlığında tikilən gördüyünüz bu obyektlər qanunsuz olaraq inşa edilib və hazırda da inşa edilməkdədir. FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 27 oktyabr 2023-cü il tarixli – 0970 və 30 yanvar 2025-ci il tarixli -0067 nömrəli qərarları olmasına baxmayaraq ərazidəki sözügedən həmin tikililərin inşaatı yenədə davam etməkdədir. Dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq dövlətin bu istiqamətdə mövcud olan qanunları gözardı edilərək tikinti işləri davam etdirilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin bütün tikinti tələblərinin pozulduğu bu tikililər həm də ehtiyyat fondu təyinatlı torpaqlarda aparılır. Və təbii ki, tikililər barədə müvafiq icra hakimiyyəti orqanlarının razılığı və icazəsi də alınmıyıb.
”7Times.az” – ın əldə etdiyi məlumata görə tikinti işlərinin dayandırılması üçün FHN-i tərəfindən sifarişçi “A Ənd J Holding “MMC-ə dəfələrlə rəsmi xəbərdarlıq edilib. Sözügedən bu MMC-isə milli məclisin deputatı Əlibala Məhərrəmzadəyə məxsusdur. Daha doğrusu onun qardaşına! Sonuncu parlament seçkilərindən əvvəl Əlibala Məhərrəmzadə illərlə rəhbərlik etdiyi həmin MMC-nin rəhbərliyini öz qardaşına həvalə edib.
Sözügedən qanunsuz tikililər barədə hüquq mühafizə orqanlarınada rəsmi müraciət edilib.
DİN-nin mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru Xəyal Talıbov “7Times.az”-a verdiyi açıqlamada bildirib ki, “Məsələ ilə bağlı Quba Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Araşdırma aparılır.”
“A Ənd J Holding” MMC-nin Quba şəhəri ərazisində özbaşnalıq etdiyi digər bir məkan isə “Şahdağ” Hotelidir. Quba şəhəri Əziz Əliyev küçəsində yerləşən bu Hotelə bitişik yol və səkilər qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına olaraq zəbt edilib və orada qanunsuz tikinti-quraşdırma işləri aparılıb. Ümumi istifadədə olan həmin ərazilər zəbt edildiyi üçün ərazidəki yollarda və yolayrıclarında piyadaların və nəqliyyatın hərəkəti mümkünsüz hal alıb.
Deputat Əlibala Məhərrəmzadənin mənəvi mülkiyyətində rəsmi olaraq isə qardaşının adında olan bu tikililərin inşaatı nəticəsində həm Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tikinti tələbləri, həm də Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli,375 nömrəli fərmanının tələbləri pozulur. Çünki həmin fərmanda nəzərdə tutulduğu kimi dövlət qrumlarının tikinti barədə dəfələrlə rəsmi xəbərdarlıq etməsinə baxmayaraq “A Ənd J Holding” MMC bu xəbərdarlıqlara heç bir məhəl qoymadan özbaşına tikinti işlərini qərəzli olaraq davam etdirir. Eyni zamanda ölkə başçısının 2014-cü il tarixli 17 noyabr 349 nömrəli fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin keçirilməsi qaydaları”-nın 2.20 bəndinin tələbinə uyğun olaraq sifarişçi “A Ənd J Holding” MMC-yə tikinti işlərinin dayandırılması ilə bağlı dəfələrlə rəsmi xəbərdarlıq edilib.
Məsələ barədə münasibət almaq üçün deputat Əlibala Məhərrəmzadənin köməkçisi Qalib Hidayətov ilə əlaqə saxladıq. O, bu barədə məlumatsız olduğunu bildirərək bu məsələnin onun işinə heç bir aidiyyatının olmadığını qeyd edib.
Qubada və regionun digər rayonlarında son zamanlarda sökülən qanunsuz tikililəri çoxumuz görmüşük yəqin. Onların arasında əlbəttə ki, Əlibala Məhərrəmzadənin millət vəkili olduğu dairənin seçiciləridə az deyil.
Qanun əmrdən onun amiranəliyini, əmr isə qanundan onun labüdlüyünü götürür. Maraqlıdır, görəsən nə vaxta həmin seçicilər Əlibala Məhərrəmzadənin qəbuluna gəlib müraciət etmiş olsalar o, özünün əməl və riyayət etməyib,məhəl qoymadığı bu qanunların labüdlüyünü o seçicilərə necə izah edə biləcək görəsən? Belə olan halda deyilib, tövsiyyə edilə biləcək bir məqam qalır. Ya mənim yolumu təlqin edin, ya da öz yolununuzu tapan mürşid olun.
Cəlal Fərzəliyev
Elgün Yunusov
Aytən Haciyeva