Bu gün Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Füzuli rayonunun şəhər günüdür.
Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü ilin avqust ayının 23-də işğal edilən Füzuli rayonu 2020-ci ilin 17 oktyabr tarixində düşməndən azad edilib.
Füzuli rayonunun əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır. İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Rayonda mövcud olan abidələr sırasına Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar:
Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür.
Bu gün, Füzuli şəhərinin azad edilməsi tarixi zəfərimizin şanlı səhifəsindən biridir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı tarix yazdığı 44 günlük Vətən müharibəsinin 21-ci günündə Füzuli şəhəri və rayonun ətraf kəndləri erməni işğalından azad edilib və Prezident İlham Əliyevin 31 iyul 2023-cü ildə imzaladığı sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.
Yaşasın Ali Baş Komandan cənab İlham Əliyev və müzəffər Ordumuz!
Ülviyyə Həmzəyeva
Milli Məclisin deputatı