“Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvləri ilə görüşərək onları əldə etdikləri yüksək nailiyyət münasibətilə təbrik etdi. Onu da qeyd edim ki, komandamız ölkəyə 16 medalla dönüb. Avropa çempionatının nəticəsinə görə, Azərbaycan komandası həm yunan-Roma, həm də sərbəst güləş üzrə 1-ci yerə layiq görülüb. Təbii ki, bu, çox böyük uğurdur”.
“Yeni Gündəm” xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Deputat qeyd edib ki, komandamız Azərbaycanı bu beynəlxalq tədbirdə yüksək səviyyədə təmsil edib: “Bununla da beynəlxalq ictimaiyyət Azərbaycanın siyasətdə, iqtisadiyyatda, mədəniyyətdə olduğu kimi, həmçinin idman sahəsində də yüksək nailiyyətlər əldə etdiyinin şahidi oldu. İdman sahəsində əldə olunan bu nailiyyət həmçinin ölkədə aparılan yüksək inkişafın göstəricisidir. İdmançılarımızın ölkəmizi belə yüksək səviyyədə təmsil etmələri bir daha Azərbaycanın nüfuzunu, qüdrətini beynəlxalq ictimaiyyətə göstərir”.
Millət vəkili vurğulayıb ki, son 1 ay ərzində bu qələbə güləşçilərimizin əldə etdiyi ikinci uğurdur. “Bundan öncə də martın 17-də ölkə Prezidenti güləşçilərimizi Bolqarıstanda yüksək nailiyyət əldə edəndən sonra qəbul edərək onları təbrik etdi. Ölkəmizin idmanda belə uğurlar qazanmasının əsas səbəbi təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş idmana və gənclərin sağlamlığına yüksək diqqət və qayğı siyasətidir ki, bu da ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən idman infrastrukturu qarşıdakı illərdə də böyük idman nailiyyətlərinin qazanılacağına güclü zəmin formalaşdırır”.
“Bütünlükdə dövlət başçısının diqqət və qayğısı ilə həyata keçirilən tədbirlər bir daha deməyə əsas verir ki, dünyada idman ölkəsi kimi tanınan Azərbaycanda idman bundan sonra da inkişaf edəcək. Ölkə Prezidenti güləşçilərlə görüş zamanı da qeyd etmişdi ki, qarşıda digər beynəlxalq səviyyəli yarışlar durur ki, onlara da bizim komandalarımız hazırlıqlı olmalıdırlar”, – deyə deputat bildirib.
Sevinc Hüseynova əlavə edib ki, bu görüşdə əhəmiyyətli məqamlardan biri də o olub ki, ölkə Prezidenti güləşin xalqımız tərəfindən sevilən və ənənəvi bir idman növü olduğunu qeyd edib: “Dövlət başçısı bu idman növü üzrə Azərbaycanın hər zaman yüksək nəticə əldə etdiyini də bildirib. Həmçinin vurğulayıb ki, idman gənclərimizin fiziki cəhətdən sağlam böyüməsi ilə yanaşı, onların vətənpərvərlik ruhunda tərbiyə edilməsində xüsusi əhəmiyyət kəsb edir. Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında 44 günlük Vətən müharibəsində əldə olunmuş qələbə xüsusi rol oynayıb. Artıq idmançılarımız idman arenalarında zəfər qazanmış bir ölkənin idmançıları, qalib xalqın nümayəndələri kimi çıxış edirlər”.