Deputat İlham Məmmədov “Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresdə iştirak edib – FOTOLARbackend

Milli Məclisin deputatı İlham Məmmədov Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresdə iştirak edib.

“Yeni Gundem” xəbər verir ki, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC) təşkilatçılığı ilə mayın 19-dan 21-dək keçirilən konqresin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı məktubunu oxuyub.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov keçirilən konfransın Azərbaycan tibbi və elmi üçün vacibliyini vurğulayaraq, ürək-damar xəstəlikləri kimi problemlərin ölkəmizdə aktuallığını, Prezident İlham Əliyevin konqres ilə bağlı məktubunun bu sahənin vacibliyinin ən bariz nümunəsi olduğunu qeyd edib. “Heydər Əliyevin peşəkar tibbi kadrların yetişdirilməsində rolundan danışıb: “Ulu Öndər ilk dəfə hakimiyyətə gəldiyi gündən tibbi kadrların yetişdirilməsinə böyük önəm verib. Mən də həmin şanslı gənclərdən olmuşam. Bu gün bir çox xəstəxanaların rəhbərliyində, tibb universitetinin qocaman müəllimləri arasında məhz Heydər Əliyev sayəsində xaricdə təhsil alan həkimlər var”.

Konqresdə çıxış edənlər vurğulayıblar ki, tibb elminin sürətlə inkişaf etdiyi dövrdə əcnəbi mütəxəssislər tərəfindən beynəlxalq təcrübənin öyrənilməsi və sözügedən sahədə yeniliklərin müzakirəsinin vacibliyini vurğulayıb: “Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən ürək-damar xəstəlikləri dünyada ölümlə nəticələnən əsas xəstəliklər arasında birinci yerdədir. Ölkəmizdə də ölümlə nəticələnən xəstəliklər siyahısında qan dövranı sistemi xəstəlikləri ön sıralardadır. İcbari tibbi sığortanın tətbiqindən sonra bir çox cərrahi əməliyyatlar kimi ürək əməliyyatları da vətəndaşlar üçün daha əlçatan olub. Vətəndaşlarımız bu xidmətlərdən dövlət tibb müəssisələri ilə yanaşı, agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində də yararlana bilirlər. Təkcə, ötən il agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində həm böyüklər, həm də uşaqlar üzərində 34 mindən çox ürək-damar əməliyyatı icra olunub. Cari ilin ilk 3 ayı üçün bu rəqəm 5 mini ötüb. Artıq bu ildən ilk dəfə olaraq TƏBİB-in tabeliyindəki rayon mərkəzi xəstəxanalarında ürək-damar cərrahiyyəsi mümkün olacaq”.

Qeyd edək ki, konqres elmi hissə ilə davam edir. Mayın 21-dək yerli və xarici mütəxəssislər təbabətin müxtəlif problemlərini əhatə edən təqdimatlarla çıxış edəcək, mövzular ətrafında müzakirələr aparılacaq.