18-20 fevral 2025-ci il tarixlərində 92 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında qanunun 18 maddəsini rəhbər tutaraq, habelə Parlamentin reqlamentlərinə uyğun olaraq əraziyə növbəti səfərini edərək, Göyçay və Ağdaş rayonlarında yerli icra hakimiyyətlərinin rəhbərlərinin də iştirakı ilə vətəndaş qəbulu keçirib.
”Yeni Gundem” xəbər verir ki, deputat səfər çərçivəsində ilk qəbul 18 fevral tarixində Ağdaş rayon Ləki Qəsəbəsində baş tutdu. Qəbulda şəhid ailələri üzvləri, müharibə iştirakçıları, eləcə də seçicilərin həm şəxsi, həm də qəsəbə infrastrukturu ilə bağlı çoxsaylı müraciətləri dinlənilib. Deputat müxtəlif mövzularda vətəndaşları narahat edən problemləri səlahiyyəti çərçivəsində diqqətə götürüb.
Daha sonra 20 fevral tarixində Göyçay rayon Qarabağlar kəndində kənd ağsaqqalları, zəhmətkeşlərinin iştirakı ilə növbəti vətəndaş qəbulu keçirilib. Qəbula gələn vətəndaşların görüş zamanı səsləndirdikləri problemlər sırasında əsasən pensiya, sosial müavinatlar, əlilliyin təmin edilməsi, məşğulluq səviyyəsinin yüksəldilməsi, eyni zamanda kəndin işıq, yol, içməli su təchizatı ilə bağlı məsələlər başlıca yer alıb.
Qəbullarda bir neçə məsələ yerli icra haikimiyyətinin rəhbərlərinin iştirakı ilə yerindəcə həllini tapıb. Millət vəkilinin səlahiyyətlərinə aid olan problemlər nəzarətə götürülüb və həlli üçün qanunvericilik çərçivəsində müvafiq addımlar atılacağı bildirilib, deputat sorğularının göndəriləcəyi, vətəndaşların problemlərinin həlli üçün aidiyyatı orqanlar qarşısında məsələlərin qaldırılacağı da qeyd olunub.
Qeyd edək ki, qəbullarda 60-a yaxın seçici iştirak edib.