Deputat: “Mövcudluğuna ehtiyac olmayan Minsk qrupunu.. Artıq ləğv olunmalıdır”backend

ATƏT-in Minsk qrupu “Dağlıq Qarabağ” münaqişəsinin sülh yolu ilə həlli üçün yaradılmış bir institut idi”.

Bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov  açıqlamasında deyib.

O bildirib ki, Minsk qrupu uzun illər ərzində turist səfərlərindən başqa bir iş görmədi:

“ATƏT-in Minsk qrupunun həmsədrləri iki əsas missiyanı üzərlərinə götürmüşdü. Bunlardan birincisi, vaxtı uzatmaq idi. Onlar düşünürdülər ki, Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq.

Bununla da mövcud vəziyyəti dondurmağı hədəfləyirdilər. İkincisi isə, imkan yaranacağı təqdirdə, bu münaqişəni Ermənistanın xeyrinə həll etmək idi. Lakin bunların heç biri reallaşmadı”.

Millət vəkili qeyd edib ki, rəsmi Bakı ATƏT-in Minsk qrupunun missiyalarının nədən ibarət olduğunu gördü:

“Cənab Prezident İlham Əliyev də zamanında ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edərək öz sözünü onlara demişdi. Dövlətimizin başçısı münaqişənin həll olunduğu üçün artıq belə bir qrupa ehtiyac olmadığını söyləmişdi.

Çünki Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Bununla da ölkəmizin milli qanunvericiliyi, beynəlxalq hüquq və haqq-ədalət öz yerini tapıb. Ona görə də artıq ATƏT-in Minsk qrupu adlı qrupun hər hansısa fəaliyyətinə ehtiyac yoxdur”.

Vüqar İskəndərov vurğulayıb ki, bu məsələ Ermənistanla danışıqlarda da Azərbaycan tərəfindən çox aydın şəkildə ortaya qoyuldu:

“Artıq münaqişə həll olunub, Ermənistan da ölkəmizin suveren ərazilərini tanıdığını bildirir və sülh müqaviləsi ilə bağlı danışıqlarda iştirak edir. Həmçinin, iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiya prosesləri həyata keçirilir”.

Deputat diqqətə çatdırıb ki, Ermənistan da ATƏT-in Minsk qrupunun ləğvi üçün konkret addımlar atmalıdır:

“Bu qrupun ləğv olunması üçün Azərbaycanla yanaşı, Ermənistan da öz rəyini verməlidir. Paşinyan administrasiyası konkret addımla Minsk qrupu ləğv olunması üçün hərəkətə keçməlidir.

İrəvan hakimiyyətinin də rasional addım atacağını düşünürük. Artıq bu yaxınlarda Ermənistan siyasi elitasında da bu məsələnin danışıldığını məlum oldu.

Nəticə etibarı ilə bu məsələ öz həllini tapmalıdır. Çünki mövcudluğuna ehtiyac olmayan Minsk qrupunu artıq tarixin arxivinə göndərmək lazımdır.

Bunun vaxtı yetişib, hətta keçib. Ona görə də Ermənistan bu məsələdə real addımlar atmalıdır ki, ATƏT-in Minsk qrupu adlı bu bədnam qrup tamamilə ləğv edilsin”.