“8 aprel tarixində Prezident İlham Əliyev Macarıstanda keçirilmiş güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvləri ilə görüş keçirmişdir. Bu gün Azərbaycan dünyanın istər siyasi, istərsə də iqtisadi sistemində özünəməxsus yeri ilə seçilir. Ölkəmizə hörmət və ehtiramla yanaşırlar. Ölkəmizlə hesablaşırlar!”.
Bu sözləri açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.
Onun sözlərinə görə, Azərbaycan bu nailiyyəti güclü liderinin –Prezident İlham Əliyevin idmana və idmançılaragöstərdiyi diqqət və qayğı sayəsində əldə edib: “Ölkəmiz başqa fəaliyyət sahələrində olduğu kimi, idmanda da böyük uğurlar qazanıb və sürəti inkişaf dövrünü yaşayır. Aprelin 8-zi Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha xalqımızı sevindirdilər. Biz qalib ölkəyik və biz hər bir sahədə qalib olmalıyıq! Görünür ki, son dövr uğurlarımız, 16 medal qazanmış idmançılarımızın əhvalına da müsbət təsir edib. Belə ki, onlar böyük qələbə ilə Vətənə qayıdıblar”.
Deputat sözlərinə belə davam edib: “Avropada istənilən idman növündə birinci olmaq böyük uğurdur! Avropa çempionatında medalların birini qadın idmançımız, qalanlarını isə sərbəst güləş və yunan-Roma güləşi üzrə komandalarımız qazandı. Beləliklə həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci oldular.
Cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir. İdmançılarımız yarışa çıxanda unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər. Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq böyük nailiyyətdir və onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir. Əldə olunan uğurlar ölkəmizin və idmanımızın beynəlxalq nüfuzunu artırır. Vətənpərvərliyi gücləndirən amillərdən biri də tarixi hərbi Zəfərimizdir və idman uğurlarımızdır. Gənc nəsil mütləq vətənpərvərlik ruhunda tərbiyə almalıdır, milli dəyərlər əsasında tərbiyə almalıdır və Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir. Azərbaycan vətəndaşları – həm idmansevərlər, həm də idmanla o qədər də maraqlanmayan vətəndaşlar həmişə idman arenalarında əldə edilmiş qələbələrin xəbəri gələndə sevinirlər.
Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir. Məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir, müəyyən edir, öz siyasətini müstəqil şəkildə aparır və istər döyüş meydanlarında, istər siyasi arenalarda qələbə qazanır.
Bu gün Azərbaycanın modern idman infrastrukturuna malik ölkə olması hər kəsin qəbul etdiyi bir reallıqdır!
İki ildən sonra Parisdə Yay Olimpiya Oyunları keçiriləcək. Gələcək yarışlarda Azərbaycan mütləq birinci sıralarda olacaq. Vaxt az qalıb və, nəinki güləş, eyni zamanda, bütün idman növlərində lisenziya qazanacaq idmançılar bu əsas yarışa indidən hazırlaşmalıdırlar. Düzgün təlim-məşq toplanışları müəyyən edilməlidir. Növbəti Olimpiya Oyunlarında Azərbaycan çox uğurla çıxış edə bilər. Gələcək yarışların nəticələrinə baxmayaraq əsas odur ki, idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etsinlər, necə ki, bu günə qədər ləyaqətlə təmsil edirlər;
– Haqlı qələbələri əldə etmiş Azərbaycan idmançıları. Rəqib cığallıq edəndə, nalayiq hərəkət edəndə bizim idmançılarımız öz gücü ilə qaydalar çərçivəsində rəqibi yerinə oturda bilmişdilər.
İkinci Qarabağ müharibəsi zamanı mənfur düşmən döyüş meydanında məğlub olarkən, qaçarkən, 10 min fərari verərkən ən çirkin əməllərə əl atmışdı. Erməni ordusu dinc insanlara qarşı terror əməllərinə əl atmışdır. Bizim şəhərlərimiz, dinc şəhərlərimiz gecə vaxtı ballistik raketlərlə atəşə tutuldu, 100-dən çox dinc insan, onların arasında uşaq, qadın, yaşlı insan bu namərd atəş nəticəsində həlak oldu.
Lakin, Azərbaycan əsgəri düşmənə döyüş meydanında layiqli cavab verdi!
Ədalət, eyni zamanda, mərhəmət, məğlub edilmiş tərəfə müəyyən dərəcədə mərhəmət hisslərinin göstərilməsi də xalqımıza xas olan xüsusiyyətlərdən biridir. Əsas odur ki, biz düşməni və ya idman rəqibini məhz qaydalar çərçivəsində, ləyaqət prinsipi əsasında məğlub etməliyik və edəcəyik!
Biz özümüzü, kim olduğumuzu unutmamalıyıq! Bizim üçün, Azərbaycan xalqı üçün qələbədəndə vacib ləyaqətdir.
İdman yarışlarında feyr-pley anlayışı unudulmamalıdır və Azərbaycan idmançıları bu prinsiplərə həmişə əməl etməlidirlər. Çünki bu, qələbədən də vacibdir. Qələbə, əlbəttə, hər bir idmançı üçün çox önəmlidir. Halal qələbəni idmançılarımız öz istedadı, zəhməti hesabına qazanıblar.
Ölkə Başçımızın qalib Idmançılarımızla görüşü, onları və minlərlə gəncimizi qalibiyyətə daha da ruhlandırır. Liderimizin diqqətini və qayğısını hiss edən gənc idmançılarımız daha böyük uğurlar və nailiyyətlər əldə edəcək!”.