Deputat:Regionun 300 illik tarixi – Zəngəzur dəhlizi açılsa nələr baş verəcək?backend

Son illər yerli və xarici mediada Zəngəzur dəhlizinin açılması zərurətindən, onun verəcəyi dividentlərdən bəhs edilir. Zəngəzur dəhlizinin Azərbaycan, Çin, Orta Asiya, Rusiya, Türkiyə hətta ABŞ və Avropa üçün böyük mahiyyətinin olduğuna diqqət çəkilir. Bu dəhliz açıldıqdan sonra hansı proseslərin baş verəcəyi isə maraq doğurur. Bir çox ekspertlər hesab edir ki, sözügedən yolun açılması kommunikasiyaların bərpasına səbəb olacaq və bu da öz növbəsində bir çox problemlərin qaydaya düşməsi ilə nəticələnəcək.

Bu, yalnız yüklərin daşınacağı bir koridor rolunu oynayacaq? Yoxsa geopolitik “yüklərin”, qlobal gərginliyin azaldılmasına xidmət göstərək?

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, Zəngəzur tarixi-təbii dəhlizdir:

“Tarixən həmişə bu yol üzərindən yükdaşımalarının hərəkəti həyata keçirilib. Bu gün Zəngəzur dəhlizi kimi istifadə etdiyimiz terminin coğrafiyasına diqqət etsək görərik ki, yol üzərində tarixi körpülər, karvansaralar, yük daşıması üçün quraşdırılmış məntəqələr hətta Səfəvilər, Atabəylər və ondan sonrakı dövrlərdə Zəngəzur dəhlizi üzərindən poçt məntəqələri də olub. Tarixi-təbii funksiyasını, Orta və Ön Asiya arasında körpü rolunu oyanadığını, türk dünyasını birləşdirən dəhliz olduğunu nəzərə alaraq 1921-ci ildə Zəngəzuru iki yerə böldülər. Qərbi Zəngəzuru Rusiya Sovet Kommunist Bolşeviklər partiyası Azərbaycandan qoparıb ermənilərə verdi. Zəngəzur dəhlizi burada siyasiləşdi. Sovet imperiyası qurulanda onun siyasi məqsədləri vardı. Özünə tarixən rəqib hesab etdiyi ölkələrin ərazilərini strateji nöqtələrdən parçalayaraq onları zəiflədirdi. Sovet hökuməti sonrakı mərhələdə Dərələyəz mahalını da parçalayaraq Şərurdan ayırdı. Ardınca 1948-53-cü illərdə Qərbi azərbaycanlıların deportasiyası baş tutdu. Göründüyü kimi, Sovet imperiyası əsl imperiya kimi davranırdı. Ən böyük soyqırım və zülmü də məhz həmin dövrdə türk xalqları yaşadılar”.

Deputatın sözlərinə görə, regionun son 300 illik tarixi rus-türk müharibələri ilə zəngindir:

hikmet babaoglu

Hikmət Babaoğlu

“Ruslar Krımda osmanlılarla savaşırdısa, Orta Asiyada qazaxlarla, özbəklərlə, Qafqazda azərbaycanlılarla, tatarlarla və s. savaşırdı. Yəni bu rəqabət fonunda Rusiya hesab etdi ki, əlinə tarixi fürsət keçib və Zəngəzur dəhlizini qoparıb oranı bağlamaqla türk dünyasını zəiflətmək olar.

Hazırda da məsələyə bu kontekstdən baxan güc mərkəzləri var. Məsələn, İran və Fransanı bu siyahıya daxil edə bilərik. Amma Azərbaycanın məqsədi iqtisadidir. Türk Dövlətləri Təşkilatları arasında quru yolunun təmin olunması üçün bu lazımdır. O iqtisadi layihədir. Azərbaycan Zəngəzur dəhlizinə iqtisadi, kommunikasiya vasitəsi kimi baxdığına görə, “3+3″formatını təklif edir. Azərbaycanı özünə rəqib görənləri tərəfdaşlığa dəvət edir.

Dünya liberallaşdıqca, dövlətlər arasında qarşılıqlı asılılıq artdıqca, inteqrasiya sürətləndikcə, bu cür kommunikasiyalara siyasi məzmun vermək lazım deyil. İnkişaf və sivilizasiyanın məntiqi hazırkı mərhələdə diqtə edir ki, kommunikasiyalar açılmalıdır. XXI əsrdə orta əsr təfəkkürü ilə yaşamaq mümkün deyil. Bunu Ermənistan və İran da yaxşı anlamalıdır. Ərazisinin böyük hissəsi türklərdən ibarət olan İran Zəngəzur dəhlizinin ölkəyə böyük töhfə verəcəyini görmür. Çünki bu yol fars şovinist rejiminin maraqlarına ziddir”.