Azərbaycanın Vətən müharibəsində qalib gəlməsi, doğma torpaqlarımızı düşmən işğalından azad etməsi ilə Qarabağ yenidən dirçəlməyə başladı.
Qafqazın incisi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada 2021-ci ildən etibarən yenidən keçirilməyə başlanan “Xarıbülbül” festivalı isə Qarabağa əsl sahiblərinin qayıtmasının müjdəçisi oldu. Bu baxımdan, uzun fasilədən sonra “Xarıbülbül” musiqi festivalının yenidən doğma Şuşamızda, Cıdır düzündə keçirilməsi Azərbaycan üçün böyük mədəni hadisə olmaqla yanaşı, böyük siyasi əhəmiyyətə malikdir.
1989-cu ildə təsis olunmuş “Xarıbülbül” musiqi festivalına hər zaman yüksək diqqət göstərilib. Belə ki, festivalda – Türkiyədən, Yaponiyadan, İtaliyadan, İspaniyadan və dünyanın bir sıra digər ölkələrindən gələn musiqi ansamblları iştirak etmişlər. Şuşanın mənfur düşmən tərəfindən işğalından sonra bu əlamətdar tədbirin keçirilməsi mümkün olmayıb.
Nəhayət, 2020-ci ildə Qarabağın işğaldan azad edilməsindən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 7 may tarixli sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş, Vaqif Poeziya Günləri və “Xarıbülbül” festivalı bərpa olunub. Bu, ölkəmizin qüdrətinin növbəti təzahürüdür.
Cənab Prezident İlham Əliyev 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədəki çıxışında da bu məsələni xüsusilə vurğulayıb: “Gələn ay Şuşada “Xarıbülbül” festivalı yenidən keçiriləcək. Keçən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu festivalda Azərbaycanda yaşayan xalqlar öz istedadını nümayiş etdirmişlər. Bu gün isə, eyni zamanda, biz dünyanın müxtəlif ölkələrindən folklor kollektivləri dəvət etmişik”.
Eyni zamanda, TÜRKSOY təşkilatının Şuşanı 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan etməsi ölkəmizin qısa müddətdə qazandığı böyük mədəni-siyasi uğurdur. Beləliklə, bütün bunlar bir daha sübut edir ki, Azərbaycan öz tarixi torpaqlarına qayıdıb və öz qayıdışı ilə bu torpaqlara yenidən həyat, dirçəliş gətirib.
Bir daha bizə bu sevinci, bu xoşbəxtliyi yaşadan, bizi doğma Şuşamıza, xan Qarabağa qaytaran, təbiətin bu əsrarəngiz gözəlliyini özümüzə qaytaran Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Ülviyyə Ağayeva
Milli Məclisin deputatı