“Din araşdırmaları” jurnalının növbəti sayı dərc olunubbackend

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) elmi fəaliyyətinin əsas göstəricilərindən biri olan “Din araşdırmaları” jurnalının yeddinci sayı çapdan çıxıb.

”Yeni Gündəm”in verdiyi məlumata görə, ildə iki dəfə dərc olunan jurnalın yeni sayında 16 məqalə yer alıb. Din sosiologiyası, Təfsir, Kəlam, Hədis, Tarix, İslam məzhəbləri tarixi, Fəlsəfə, Qiraət və təcvid, İslam hüququ və Multikulturalizm bölmələrindən ibarət olan nüsxədə qələmə alınmış elmi məqalələr öz sahəsinin peşəkar və nüfuzlu tədqiqatçıları tərəfindən təqdim edilib.

Jurnalın məqsədi ölkəmizdə və dünyada din sahəsində tədqiqat aparan alimlərin məqalələrini elmi ictimaiyyətə təqdim etməkdən ibarətdir. Dərgidə Azərbaycan və türk dillərində də məqalələr dərc olunub. Redaksiya heyətinin üzvləri Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, İran və İsveçrənin ali təhsil müəssisələrində çalışan tanınmış alimlərdir.

Jurnalın nəşr qaydaları Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) elmi jurnallar qarşısında qoyduğu tələblərə, həmçinin bu sahədəki beynəlxalq standartlara uyğun olaraq hazırlanıb.

Azərbaycan İlahiyyat İnstitutu ali dini təhsil üzrə ixtisaslaşmış müəssisədir. İnstitut din sahəsi də daxil olmaqla, ictimai elmlərin müxtəlif istiqamətlərində monoqrafiya, dərslik, dərs vəsaiti, proqram və məqalələrin nəşrinə üstünlük verir.

Məlumat üçün bildirək ki, akademik nəşrlər ali təhsil müəssisələrinin elmi fəaliyyətinin əsas göstəricilərindən biridir. Gələcəkdə “Din araşdırmaları” jurnalının tanınmış beynəlxalq indekslərə daxil edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, “Din araşdırmaları” jurnalı 2020-ci ildən AAK tərəfindən fəlsəfə və psixologiya üzrə elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilib.