Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təsisçisi olduğu “Din araşdırmaları” jurnalının rəsmi internet saytının təqdimat mərasimi baş tutub.
“Yeni Gundem” xəbər verir ki, Azərbaycan İlahiyyat İnstitutunun rektoru, dosent Aqil Şirinov açılış nitqi ilə çıxış edərək, “Din araşdırmaları” jurnalının rəsmi internet saytının müasir standartlara uyğun hazırlandığını diqqətə çatdırıb. Bildirib ki, alimlər bundan sonra məqalələrini rəsmi internet saytı vasitəsilə göndərəcək və araşdırmalarının statuslarını saytda yaratdıqları profil vasitəsilə izləyə biləcəklər.
Aİİ rəhbəri daha sonra vurğulayıb ki, azərbaycanlı alimlərin elmi məqalələrinin dünyaya tanıdılması üçün xüsusilə humanitar sahədə çalışan mütəxəssislərin “Scopus” və “Web of sciences” kimi nüfuzlu beynəlxalq bazalara daxil olan jurnallarda məqalələrinin çap olunması vacibdir. Rektor qeyd edib ki, məqsədimiz dərgimizin beynəlxalq indeksli jurnallar siyahısına daxil edilməsinə nail olmaqdır.
Ankara Yıldırım Bəyazid Universiteti İslam elmləri fakültəsinin müəllimi Abdullah Demir “Din araşdırmaları” jurnalının rəsmi internet saytını təqdim edib və texniki qaydaları haqqında məlumat verib. O, elmi jurnalların nəşr standartları, texniki özəllikləri, məqaləgöndərmə sistemi və s. barədə geniş bəhs edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Dini təhsil şöbəsinin müdiri Elnarə Kərimova bildirib ki, Aİİ-nin fəaliyyətə başlamasından qısa müddət keçsə də, müəssisə bir çox uğurlu layihəyə imza atıb. Qeyd edib ki, rəsmi internet saytının, internet televiziyasının fəaliyyətə başlaması, məzunlarının işlə təmin olunmaları bu istiqamətdən olan fəaliyyətlərdəndir.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Tərəfdaşlarla iş şöbəsinin müdiri Orxan İsmayılov jurnalın rəsmi internet saytının fəaliyyətə başlaması münasibətilə elm adamlarını təbrik edib. Jurnalın texniki hissəsinin yüksək standartlara uyğun olduğunu diqqətə çatdırıb.
Azərbayan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru, “Din araşdırmaları” jurnalının baş redaktoru Mirniyaz Mürsəlov bildirib ki, AR Nazirlər Kabineti tərəfindən 16 mart 2022-ci il tarixində “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar Yol Xəritəsi” təsdiq olunub. M.Mürsəlov qeyd edib ki, Aİİ sözügedən “Yol Xəritəsi”nin icrası ilə bağlı bu istiqamətdə müəyyən işlər görür. Ali təhsil müəssisəsinin “Din araşdırmaları” jurnalının rəsmi internet saytı müasir standartlara, beynəlxalq jurnallarda məqalələrin yazılması və yayımlanması tələblərinə uyğun olaraq hazırlanıb.