Noyabrın 23-də Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan doktorantların və gənc tədqiqatçıların XXIV respublika elmi konfransı işinə başlayıb.
“Yeni Gündəm” xəbər verir ki, konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
AzTU-nun rektoru Vilayət Vəliyev açılış nitqində bildirib ki, konfrans tariximizə qızıl hərflərlə yazılan Zəfərimizin 1 illiyinə təsadüf edir. O vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuz 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad edib. Torpaqlarımızın azad olunmasında iştirak edən qəhrəman oğulların yetişdirilməsində Azərbaycan təhsil sisteminin rolu danılmazdır. Azərbaycan Texniki Universitetinin 300-ə yaxın məzun və tələbəsi Vətən müharibəsində iştirak edib. Onlardan 32 nəfəri şəhidlik zirvəsinə ucalıb.
Vilayət Vəliyev vurğulayıb ki, Qələbə qarşımızda yeni vəzifələr qoyub. İşğaldan azad olunan torpaqlarımızda artıq quruculuq işlərinə başlanılıb. Bu istiqamətdə görülən işlərə öz töhfəsini vermək üçün doktorantlar və gənc tədqiqatçılar səylə çalışmalıdırlar.
Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, bu gün Azərbaycan təhsilinin, elminin qarşısında duran əsas məsələ yüksəkixtisaslı kadrların hazırlanmasıdır. Bunu dünyada gedən qlobal proseslər, texnologiyaların inkişafı tələb edir. Qloballaşan dünyanın yeni çağırışları doktorantlar və gənc tədqiqatçılar qarşısında yeni tələblər qoyur. Nazir müavini qeyd edib ki, bu tələblərə cavab vermək, ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq ölkəmizdə yeni nəsil mütəxəssislər yetişdirmək məqsədilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 5 beynəlxalq ikili diplom proqramının icrası nəzərdə tutulub. Artıq 4 beynəlxalq ikili diplom proqramının icrasına başlanılıb. Hədəf Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir.
Firudin Qurbanov diqqətə çatdırıb ki, ali təhsil və elmi tədqiqatların vəhdətini təmin edən universitetlər insan kapitalının inkişafı və innovasiyalar sahəsində daha çox uğur qazanır. Artıq tədqiqat fəaliyyəti universitetlər üçün davamlı rəqabətin həlledici amilinə çevrilib.
AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyev qeyd edib ki, akademiyada Azərbaycan iqtisadiyyatının inkişafına, dövlətin müdafiə qüdrətinin artırılmasına töhfə verə biləcək elmi tədqiqatların aparılmasına üstünlük verir. Akademiyanın alimləri ali təhsil müəssisələrinin əməkdaşları ilə birgə elmi layihələr icra edirlər. İnanıram ki, doktorantların və gənc tədqiqatçıların XXIV respublika elmi konfransı Azərbaycan elminə təhsilinə öz töhfəsini verəcək.
İstanbul Universitetinin rektoru Mahmud Ak rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında ətraflı məlumat verib. O vurğulayıb ki, İstanbul Universitetində 54 ölkədən 9 min 769 əcnəbi tələbə təhsil alır. Bu tələbələrdən 1805 nəfəri Azərbaycanın payına düşür. Gələcəkdə onların sayının daha da artırılması nəzərdə tutulur.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən biri rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının reallaşdırılmasıdır. Bu prioritetlərin həyata keçirilməsi üçün müasir təhsil və innovasiyaları təşviq edən münbit şərait yaratmaq lazımdır. Rektor vurğulayıb ki, ölkəmizin sosial-iqtisadi tərəqqisinin əsasını təşkil edən elm və sənayedəki əsas uğurların hərəkətverici qüvvəsi düşünülmüş, gələcəyə hesablanmış siyasətdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra Azərbaycan Texniki Universitetin doktorantı Əmirxan Qəmbərov, Bakı Dövlət Universitetinin doktorantı Raziyyə Həsənova, Azərbaycan Dövlət İqtisad Universitetinin doktorantı Ümid Mehdiyev çıxış ediblər.