Millət vəkilinin sözlərinə görə, Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” layihəsi indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox önəmli təşəbbüsdür. Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu. Son 10 il ərzində Azərbaycan Xəzər dənizində ən böyük ticarət limanlarından birini inşa etdi. Ələt Limanının yükdaşıma qabiliyyəti 15 milyon tondur və bu göstəricinin 25 milyon tona qədər artırılması nəzərdə tutulur. “Bir kəmər, bir yol” təşəbbüsü müxtəlif marşrutları, xüsusilə Şimal-Cənub marşrutu üzrə daşımanı fəallaşdırdı. Eləcə də, Zəngəzur dəhlizi reallaşandan sonra bu layihənin önəmi daha da artacaq. Cənab Prezidentin müsahibədə dediyi kimi, Çinin qlobal iqtisadiyyata təsiri var və bir çox analitik təsisatların proqnozları Çin iqtisadiyyatının inkişaf proqnozlarına əsaslanır. Bu baxımdan, Azərbaycanın bu ölkə ilə iqtisadi münasibətlərinin böyük əhəmiyyəti var.
“Bütövlükdə, Azərbaycan-Çin əlaqələrinin inkişafında dövlət başçılarının şəxsi dostluq münasibətləri də mühüm rol oynayır. Təsadüfi deyil ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi Çinin “böyük dostu” adlandırıb. Bütün bunlar göstərir ki, ölkələrimiz arasında siyasi əlaqələrin səviyyəsi çox yüksəkdir. Eləcə də, iqtisadi-ticarət münasibətləri də qənaətbəxşdir. Bundan başqa, Çin COP29-un ölkəmizdə keçirilməsini də yüksək səviyyədə dəstəkləyən dövlətlər sırasında olub. Çin Xalq Respublikasının da böyük nümayəndə heyəti ilə iştirakı ölkəmizin iqlim dəyişiklikləri ilə qlobal mübarizədə mövqeyinin göstəricisi olmaqla yanaşı, Azərbaycana olan isti münasibətinin ifadəsidir. Bu münasibətlər beynəlxalq platformalar çərçivəsində də uğurludur. Hər iki ölkə beynəlxalq müstəvidə bir-birinin ərazi bütövlüyünü dəstəkləyib və bu gün də dəstəkləyir”,-deyə Samir Vəliyev vurğulayıb.