DSX Akademiyasına ekskursiya təşkil edildi: məktəblilərin sərhədçi peşəsinə marağı artırılır – FOTObackend

Noyabrın 3-ü Xətai rayonunda yerləşən 257 və 269 nömrəli tam orta məktəblərin yuxarı sinif şagirdləri, “Dəniz” uşaq baxçasının kollektivlərinin sərhədçi peşəsinə marağın artırılması və hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə Dövlət Sərhəd Xidməti Akademiyasına ekskursiyaları təşkil edilib.

Bu barədə “Yeni Gundem”-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Akademiya rəhbərliyi və qonaqlar əvvəlcə “Heydər Əliyev guşəsi” və “Dəmir yumruq” abidə kompleksini ziyarət edib, abidə önünə güllər düzüb.

Daha sonra tədbir iştirakçılarına Azərbaycan Rеspublikasının Prеzidеnti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyеvin sərəncamı ilə 2007-ci ildə yaradılmış Dövlət Sərhəd Xidmətinin Akadеmiyasında ölkəmizin sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün vətənpərvər, savadlı, peşəkar zabit kadrlarının yetişdirilməsini təmin edən, müasir standartlara cavab verən şəraitin, güclü еlmi-tədris bazasının və yüksək ixtisaslı hərbi-pеdaqoji hеyət barədə geniş məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin sərhədçilərlə görüşlərini əks etdirən fotoşəkillər və Vətən müharibəsində qəhrəmanlıq göstərmiş sərhədçilər haqqında məlumatların yer aldığı guşə qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbir çərçivəsində məktəblilər və uşaqlar kursantların tədris prosesi, məişət şəraiti ilə yaxından tanış olublar.