Son illər bütün istiqamətlər üzrə narkotik vasitələrdən istifadə ilə bağlı artım müşahidə olunur. Həmçinin aşkar edilərək, dövrüyədən çıxarılan narkotik vasitələrin miqdarı da artmaqda davam edir. Sərhədçilərimizin narkotik vasitələrin qanunsuz dövriyyəsinə, onların tranzitinə qarşı apardığı mübarizə isə danılmaz faktdır.
DSX-nin 2023-cü ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabatına əsasən, 2023-cü ilin yanvar-noyabr ayları ərzində ümumi dəyəri 269 milyon 290 min manat olan 6 ton 719 kq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Müsadirə edilmiş 6 ton 719 kq 031,413 qr narkotik vasitə və psixotrop maddələrin 1 ton 886 kq 649,814 qr heroin, 3 ton 961 kq 758, 574 qr marixuana, 265 kq 153,968 qr tiryək, 750,831 qr kokain və s.dir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 7766 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Bu şəxslərdən 7567-si kişi, 199-u qadın olub, 89 nəfər xarici ölkə vətəndaşıdır.
Bu faktlar onu göstərir ki, il ərzində küli miqdarda müxtəlif növ narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısı alınıb, onun ticarətinə ağır zərbə endirilir. Dövlət Sərhəd Xidməti bu cür cəhdlərin qarşısını almaqla, regional və qlobal təhlükəsizliyə böyük töhfə verir.
Mövzu ilə bağlı deputat Azər Badamov “Yeni Gundem”-ə açıqlamasında bildirib ki, narkotik vasitələrə qarşı tədbirlərinə sərhəddən başlamalı və bütün müvafiq xidmət strukturları tərəfindən genişləndirlməlidir. Bu baxımdan son vaxtlar Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının ayıq-sayıqlığı sayəsində ölkəyə narkotik vasitələri keçirmək hallarının qarşısının alınması təqdirəlayiq haldır:
“Narkomaniya bəşəri bəladır və bu bəlaya qarşı mübarizəyə bütün cəmiyyət səfərbər olunmalıdır. Sərhədçilərimiz gecə-gündüz sərhədlərimizi qoruyur və sərhədi pozmaqla bağlı hər hansı bir cəhd müəyən olunan kimi dərhal hərəkətə keçirlər.
Məhz sərhədçilərimizin öz peşə fəaliyyətini ləyaqətlə icra etməsi sayəsində ölkəmizə sərhəddən keçirmək istədikləri külli miqdarda narkotik vasitələrin qarşısının alındığını müşahidə edirik. Narkomaniyaya qarşı mübarizədə xüsuslilə fərqlənən xidmət sahələrindən biri də Daxili İşlər orqanlarıdır. Gizli yollarla ölkəmizə keçirilən narkotiklər vasitələr Daxili İşlər orqanlarımız tərəfindən müəyyən olunur və bu işlə məşğul olan şəxlər cinayət məsuliyyətinə cəlb edilir. Biz polis əməkdaşları tərəfindən yaxalanan narkotacirlər barəsində xəbərləri hər gün eşidirik. Bütün bunları nəzərə alaraq narkomaniyaya qarşı mübarizədə DSX və DİN-in fəaliyyətini təqdirəlayiq hesab edirəm”.
Narkomaniya üzrə ekspert Emil Maqalov isə “Yeni Gundem”-ə açıqlamasında narkomaniya və onun qanunsuz dövriyyənin xalqımız üçün qorxulu vəziyyət aldığını və qlobal səviyyədə olduğunu vurğulayıb:
“Mövcud vəziyyətdə narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi müşahidə olunur. Bu mübarizəyə görə digər ölkələrlə müqayisədə Azərbaycan ön sıradadır. 2022-ci ildə Gürcüstan ümumilikdə 131 nəfər narkotacir saxlayıbsa, Azərbaycanda cəmi bir günə bu qədər insan tutulur. Halbuki Gürcüstan Ermənistanla açıq sərhədə malik olduğuna görə, Azərbaycanla müqayisədə bu ölkədə vəziyyət daha pisdir. Əvvəllər İran marşrut xətti kimi- ermənilərin əli ilə işğalda olan torpaqlarımız, Ermənistan, Gürcüstandan istifadə edirdilər.Hazırda bu yol bağlandığına görə İran – Ermənistan – Gürcüstan marşrut xəttindən istifadə edilir.
Əsas problem odur ki, narkomaniyaya meylli gənclərlə iş görülmür. Güc strukturlarından başqa, Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin meylli gənclərlə işləmə proqramı yoxdur. Yaxşı olar ki, bu iş Qeyri Hökumət Təşkilatlarına tapşırılsın”.
Deputat Müşfiq Cəfərov “Yeni Gundem”-ə açıqlamasında qeyd edib ki, narkomaniya bəlasının qarşısını almaq üçün bütün qurumlar bir olub mübarizə aparmalıdır:
“Son zamanlar ölkəyə külli miqdarda narkotik vasitələrin gətirilməsinin qarşısı dövlət sərhəd xidməti tərəfindən alınıb. Ümumiyyətlə, DSX-nın ayıq-sayıqlığı narkamoniya ilə mübarizədə olduqca vacibdir. Çünki sərhəd təhlükəsizliyi təmin olunmazsa, kim istəyir ölkəyə müxtəlif tərkibli narkotik vasitələrlə daxil ola bilər. Bu mənada hətta DSX-nın fəaliyyəti daha da gücləndirilməlidir. Təəssüf ki,indi daha çox gənclərimizin bu bəlaya düçar olduğunu görürük. Biz daima narkomaniyayla mübarizədən danışırıq, amma bütün tədbirlərə baxmayaraq ölkədə narkotik vasitələri istifadə edən gənclərin sayı günü-gündən artırsa, demək ki, fəaliyyətimizdə çatışmazlıqlar mövcuddur. O cəhətdən bütün məsuliyyəti bir qurumun üzərinə atmaq heç də faydalı olmayacaqdır. Hər qurum bu sahədə mübarizəyə dəstək verməli, gələcəyimiz olan gəncləri bu bataqlıqdan xilas etməlidir”.
Psixoloq İlahə Dadaşova “Yeni Gundem”-ə açıqlamasında isə öz növbəsində DSX-nin fəaliyyətinin psixoloji təsirlərinə toxunub. Onun sözlərinə görə, bu qurumun çevik fəaliyyəti fonunda narkotik vasitələrdən istifadə edib-etməməsindən asılı olmayaraq, ölkəyə narkotik vasitə gətirmək istəyənlərdə qorxu hissi yaranır:
“Narkomaniyaya meylin artmasının bir sıra səbəbləri var. Bura natamam ailələr, çətin tərbiyə olunan övladlar, psixoloji travması olan insanların vaxtında psixoloqa müraciət etməməsi və tam şəxsiyyətin formalaşmaması kimi amillər daxildir. Narkotikin zərərləri daha çox ictimailəşməlidir ki, narkotik istifadəçilərinin sayı artmasın. Narkomaniyaya qarşı mübarizədə güc strukturlarnın fəaliyyəti yüksək səviyyədə olsa da, cəmiyyətdə də psixoloji maarrifləndirmə işləri artırılmalıdır.
Narkomaniyaya qarşı mübarizədə xüsusən də Dövlət Sərhəd Xidmətinin gördüyü tədbirlər təqdirəlayiqdir. DSX əməkdaşlarının apardığı əməliyyatlarının daim kütləvi informasiya vasitələrində yayımlanması vacibdir. Bu, həm insanların dövlət qurumlarına qarşı inamını formalaşdırır, həm də narkotik dövriyyəsində rolu olan insanlar üçün ciddi təhlükə yaradır.
Qeyd edək ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.1.10-cu bəndinin icrası ilə əlaqədar narkotik vasitələrin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədi ilə aidiyyəti nazirlik, komitə və təşkilatlarla, o cümlədən ayrı-ayrı vətəndaşlarla operativ qaydada əlaqələndirilməni təmin etmək məqsədilə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunda “802” qaynar xətt rabitə əlaqəsi fəaliyyətə başlayıb.
Təbriz Məhərrəmoğlu
Yenigundem.az