Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizə gəmiləri açıq dənizdə manevrlər edərək müxtəlif tapşırıqlar icra ediblər.
“Yeni Gundem” xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin xidməti ərazisinə mediatur təşkil olunub.
DSX-nin Sahil Mühafizəsinin rəisi general-leytenant Müzəffər Pirizadə media nümayəndələrini qarşılayıb.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəxslərin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri qoyulub və onların xarirələri yad edilib.
Daha sonra general-leytenant Müzəffər Pirizadə Sahil Mühafizəsinin tarixi və fəaliyyəti barədə məlumat verib.
O bildirib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğı nəticəsində xidmətin gəmiləri dənizdə istənilən çağırışa çevik müdaxilə etmək gücünə malikdir.
DSX-nin Sahil Mühafizəsinin Baş komanda idarəetmə mərkəzinə baxış keçirilib.
General-leytenant M.Pirizadə bildirilib ki, Azərbaycanın sularını sahilboyu ərazilərdə nəzarətdə saxlamaq üçün radarlar quraşdırılıb:
“Ümumilikdə 18 radar fəaliyyət göstərir. Bu radarlardan gələn görüntülər baş komanda idarəetmə mərkəzinə ötürülür və dənizdə hərəkət edən icazəsiz vasitələr müəyyən edilir, sonra onlar barədə olan məlumatlar aidiyyatı üzrə göndərilir. Həmçinin digər zəruri məlumatlar əməliyyatla və qarşılıqlı fəaliyyətdə olan digər orqanlardan da alınır”.
Mediatur zamanı DSX-nin Sahil Mühafizəsinin dəniz muzeyi barədə məlumat verilib. Bildirilib ki, dəniz mühafizəsində əvvəllər istifadə olunmuş texnikalar və digər vasitələr muzeydə nümayiş olunur.
Tədbir zamanı zabit və gizirlərin dərs prosesi də izlənilib.
Ümumillilider Heydər Əliyevin, həmçinin Prezident İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən ideoloji mərkəz barədə məlumat verilib.
DSX-nin Sahil Mühafizəsinin amfibiya katerləri fəaliyyət icra ediblər.
DSX-nin Sahil Mühafizəsinin Dövlət Sərhədinin Mühafizəsi üzrə şöbə rəisinin dəniz üzrə müavini Xanlar Abdullayev deyib ki, hazırda dənizdə hərəkət edən çoxfunksiyalı amfibiya kateri DSX-nin Sahil Mühafizəsinin döyüş sıralarına 2022-ci ildə qatılıb:
“Kater sahilyanı əməliyyatlarda, dövlət sərhədinin mühafizəsində geniş istifadə edilir. Bu katerlər sərhəd pozucuları və qaçaqmalçılara qarşı mübarizədə ən üstün üzmə vasitəsi hesab olunur”.
Daha sonra DSX-nin Sahil Mühafizəsinin “Tufan” tipli gəmisi açıq dənizdə hərəkət etməyə başlayıb, həmçinin kiçikhəcimli sahilmühafizə gəmiləri manevrlər edərək müxtəlif tapşırıqları icra ediblər.
DSX-nin Sahil Mühafizəsi şöbə rəisinin müavini, lll dərəcəli kapitan Əliyar Məmmədzadə bildirib ki, hazırda dənizdə hərəkətdə olan gəmi DSX-nin Sahil Mühafizəsinin ll dərəcəli “Tufan” gəmisidir:
“Gəmi Prezident İlham Əliyevin göstərişi əsasında DSX-nin Sahil Mühafizəsi bazasında Gəmi İnşası və Təmiri zavodunda hazırlanıb və 15 dekabr 2015-ci ildə istifadəyə verilərək suya buraxılıb. Gəmi yüksək manevr qabiliyyətinə və dözümlülüyə malikdir, son texnoloji avadanlıqlarla təmin olunub. Həmçinin aşkar etmə qurğuları, rabitə cihazları, artilleriya raket sistemi ilə təhciz olunub”.
***
11:34
DSX Sahil Mühafizəsinin rəisi General-leytenant Müzəffər Pirizadə, oktyabr ayının 24-də media nümayəndələrinin iştirakı ilə Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin xidməti ərazisində media-tur keçirir.
“Yeni Gundem” mediaturdan görüntüləri təqdim edir: