Xəbər verdiyimiz kimi, dünən Avropa Yayım Birliyi (EBU) “Eurovision” mahnı müsabiqəsinin bir il müddətinə ertlələndiyini açıqlayıb.
“Yeni Gündəm” xəbər verir ki, yarışmanın rəsmi nümayəndəsi Yan Ola Sandın məlumatına əsasən, festival 2021-ci ildə Niderlandda keçiriləcək.
“41 ölkə iştirakçısını gələn il müsabiqəyə göndərə bilər, amma mahnı üçün eyni şans yaranmayacaq. Qaydalara uyğun olaraq mahnı yenilənəcək”,- deyə Ola Sand bildirib.
Bukmeykerler proqnozunda birinci olan, qalibiyyətə real namizəd Viktoriya “Eurovision” rəsmisinin açıqlamasına etiraz edib. Bolqarıstan təmsilçisi açıqlama yayaraq mahnıların da gələn il yarışma haqqının olduğunu bildirib:
“Mövcud qərarı anlayıram. Amma 2021-ci ildə mahnılarımızı qoruyaraq yenidən müsabiqədə ifa olunması vacibdir. Buna icazə verilsin”.
Bundan əlavə, İsveçin İctimai Kanalı açıqlamasında builki təmsilçi “The Mamas” qrupunun gələn il iştirak etməyəcəyini qeyd edib. TV milli seçim turu olan “Melodifestivalen”in gələn il yenidən keçiriləcəyini, qalibin “Eurovision”a göndəriləcəyini bildirib.
Estoniya da İsveç kimi hər il təşkil olunan milli seçim turu olan “Eesti Laul”in yenidən baş tutacağını, bu ilki təmsilçi Uku Suvistenin yarışmaya göndərilməyəcəyini açıqlayıb.
Ukrayna, Niderland, Malta, İspaniya, Yunanıstan isə eyni müğənni ilə gələn yarışmada iştirak edəcəyini rəsmi şəkildə elan edib.
Ehtimal olunur ki, Azərbaycan da gələn il müsabiqəyə Samirə Əfəndini göndərəcək.