Energetika naziri Pərviz Şahbazovla Dünya Bankınınenergetika üzrə missiya heyəti arasında görüş olub.
Bankın energetika üzrə böyük mütəxəssisi, Tapşırıq qrupunun rəhbəri Rocer Koma Kunil, təcrübə meneceri Stefani Gil və digər nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasının təmin edilməsi məqsədilə ötürücü şəbəkənin gücləndirilməsinin maliyyələşdirilməsi ilə bağlı məsələlər müzakirə edilib. 2 QVt-dək gücdə bərpa olunan enerji mənbələrinin enerjisisteminə inteqrasiyası üçün şəbəkənin gücləndirilməsi, “Masdar” şirkəti tərəfindən inşa olunacaq 1 QVt gücündə günəş və külək elektrik stansiyalarının şəbəkəyə qoşulması tədbirlərinin icra vəziyyəti və maliyyələşdirmə imkanları nəzərdən keçirilib. AZURE layihəsi çərçivəsində 315 MVt gücündə “Bankə” və 445 MVt gücündə “Biləsuvar” günəş elektrik stansiyalarının enerji sisteminə qoşulmasının vaxtında həyata keçirilməsi üçün müvafiq proseslərin tezləşdirilməsinin vacibliyi qeyd olunub.
Görüşdə, həmçinin AZTAF proqramı çərçivəsində “Enerji səmərəliliyi və iqlim” texniki yardım layihəsinin “Enerji Effektivliyi Fonduna dəstək və Milli Renovasiya Proqramının Yol Xəritəsi” komponenti üzrə görülən işlər, eləcə də Dünya Bankı ilə enerji sahəsində əməkdaşlıq gündəliyinin digər aspektləri ətrafında fikir mübadiləsi aparılıb.