Baş Dövlət Yol Polisi İdarəsi “2023 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar sürücülərə müraciət edib.
“Yeni Gundem” həmin müraciəti təqdim edir:
“Sabah başlayacaq “2023 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar bəzi küçə və prospektlərdə hərəkətin məhdudlaşdırıldığını nəzərə alaraq xüsusilə paytaxtın cənub qapısında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə sürücülərdən xahiş olunur ki, cənubdan mərkəzə doğru, yəni “Azneft” və “Neftçilər” dairəsinə alternativ kimi Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla “20 Yanvar” və ya Yeni Yasamal ərazisindən keçməklə hərəkət etsinlər.
Eyni zamanda 20-ci sahə, Bayıl qəsəbəsində yaşayanlar isə qəsəbənin daxili yolları ilə Qurban Abbasov küçəsindən keçməklə Teymur Elçin, Mehdi Hüseyn və Lermontov küçələri ilə mərkəzə doğru hərəkət etmələri tövsiyə olunur. Bununla yanaşı yol hərəkəti iştirakçılarından yarışın keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri xahiş olunur”.