Prezident cənab İlham Əliyevin qətiyyətli və düşünülmüş siyasəti nəticəsində Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi yaradılması ilə Azərbaycan dövləti daha bir tarixi yazdı.
Bu sözləri “Yeni Gundem”-ə Milli Məclisin deputatı Kamilə Əliyeva açıqlayıb.
Millət vəkili bildirib ki, Qarabağda separatçılar çox güman ki, xoşları ilə tərk-silah olunacaqlar.
“Bu beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycan dövlətinin suverenliyinə aid olan addım idi. Prezident İlham Əliyev müharibədən sonra dəfələrlə Ermənistan tərəfinə sülh müqaviləsinin imzalanmasını təklif etmişdi. Ermənistan rəhbərliyi isə təxribatlar törətməyə, Qarabağda qeyri-qanuni hərbi birləşmələri gizli yollarla, silah-sursatla təmin etməyə başladı. Ölkə başçısı dəfələrlə Qarabağdakı tör-töküntülərin rədd olub çıxması barədə xəbərdarlıq edib. Lakin bu ünsürlər 44 günlük Vətən müharibəsində Azərbaycan qarşısında diz çökdüklərini yaddan çıxartdılar. Nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi ilə onların ümidləri də heçə endi. Qarabağda separatçılar öz xoşları ilə çox güman ki, tərk-silah olunacaqlar. Çünki başqa çıxış yolu yoxdur. Qarabağ erməniləri də əgər cinayət törətməyibsə Azərbaycan qanunlarına tabe olub orda yaşayacaqlar. Azərbaycan dövlətinə və xalqına qarşı cinayət törədənlər qanunlarımızla mühakimə olunacaqlar”.
K.Əliyeva vurğulayıb ki, Laçın-Xankəndi yolunda eko-fəallarının dinc etiraz aksiyası monitorinqin yaradılmasına qədər davam edəcək.
“Eko-fəallarının məqsədi aydındır. Onlar Azərbaycan ərazilərində ekoloji terrora son qoymaq üçün orada aksiya keçirirlər. Aksiya monitorinqin yaradılmasına qədər davam edəcək”,- deyə o qeyd edib.
Fərahim Rəhimov