Azərbaycanda keçirilən COP29-un təşkilatçılıq işlərindən məmnunuq. Biz çox yaxşı qarşılanmışıq və hazırda tədbirin keçiriləcəyi böyük məkandayıq. Çox iştirakçı qeydiyyatdan keçib. Ümid edirəm ki, konfrans burada iştirak edəcək hər kəsin töhfəsi ilə uğurlu olacaq.
Bu sözləri Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün ölkəmizə gələn monqolustanlı ekoloji hüquq müdafiəçisi Enkhuun Byambadorj söyləyib.
“COP29 iqlim dəyişikliyinin təsirləri ilə mübarizə aparmaq və bu təsirləri yüngülləşdirmək məqsədilə yeni kollektiv hədəflər müəyyən edəcək. Həmçinin bu tədbir inkişaf etməkdə olan ölkələrə kifayət qədər iqlim maliyyəsinin çatdırılmasını təmin etməyə yönələcək”, – deyə o əlavə edib.
Qeyd edək ki, noyabrın 11-22-də Bakı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edir. COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq. Əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb. Bununla yanaşı, təşəbbüslərdən biri kimi İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılması nəzərdə tutulur.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.
Xatırladaq ki, Azərbaycan baza ili (1990-cı il) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb.
Azərtac