“Hələ də şagirdlərə dərsliklər verilməyib. Əvəzində isə Elm və Təhsil Nazirliyi sorğuya belə cavab verib: “Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri Nazirlik tərəfindən nəşr edilən kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələrlə yerli təhsili idarəetmə orqanları tərəfindən təqdim olunan proqnoz tələbat əsasında təmin edilirlər. Mütəmadi olaraq dərsliklərin çatışmazlığı və bu kimi hallara dair edilmiş müraciətlər Regional Təhsil idarələri tərəfindən araşdırılaraq aradan qaldırılır”. Bu qədər də elm və təhsildən xəbərsiz, anlayışsız, millətin gələcəyinə düşmən kəsilmək olmaz axı…”
“Yeni Gundem”-in xəbərinə görə, bunu ekspert Kamran Əsədov bildirib.
K.Əsədov qeyd edib ki, “Ümumtəhsil məktəbləri üçün dərsliklərin nəşri, çapı və paylanması Qaydaları”na görə 2004-cü ildən ölkə üzrə bütün şagirdlər, eyni zamanda Gürcüstan və Dağıstanda təhsili azərbaycan dilində aparan dövlət ümumtəhsil məktəbləri və MDB ölkələrindəki “Bazar günü” məktəbləri tədris ili başlayana qədər zəruri tədris resursları ilə təmin olunmalıdır: “Dərslik siyasətinin məqsədi məktəbliləri müasir standartlara uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək, Vətəninə, xalqına, onun adət-ənənələrinə bələd olan, milli və ümumbəşəri dəyərlər zəminində formalaşan, fiziki və mənəvi cəhətdən sağlam, müstəqil həyata hazır və demokratik düşüncəli vətəndaşlar kimi yetişdirməkdir. Deməli, Elm və Təhsil Nazirliyi çalışır ki, Azərbaycan vətəndaşları bundan məhrum olsunlar. Ümumi təhsil sistemində dərsik siyasəti haqqında qaydalarında deyilir 11.1. Yerli təhsil orqanları:
– tabeliklərində olan ümumtəhsil məktəblərinin dərsliklərə tələbatını müəyyənləşdirib, Təhsil Nazirliyinə təqdim edir;
Yəni bu tələbat may, iyun, iyul ayında müəyyən edib təqdim edirlər. Avqust ayında onsuzda şagird yerdəyişməsi dayanmışdı. Şagirdlərin yeri, sayı stabil idi. Tələbat ən geci avqust ayında müəyyən olunmalıdır və kitablar çap olunmalı idi. İndi isə, durub bəhanə kimi bunu göstərirlər. Deməli, siz normal yuxarı qurum olmamısınız ki, şagird tələbatını əldə etməmisiniz, kitabları hazır etməmisiniz. Siz sadəcə olaraq, bacarıqsız, səriştəsiz insanlardan ibarət olan bir Elm və Təhsil Nazirliyisiniz”.