Əlaqələrimiz inkişaf edirbackend

Azərbaycan və Pakistan arasında möhkəm dostluq, qardaşlıq təməlləri üzərində qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir. Pakistan Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olub. Ölkələrimiz arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub. Həmin dövrdən sonra iki ölkə arasında əlaqələr daim inkişaf etdirilib və bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəlib.

İki ölkə arasında təmaslar və qarşılıqlı səfərlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın ovaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra başlayıb.

Prezident İlham Əliyevin cari ilin 11 iyul tarixində İslamabada dövlət səfəri və səfər zamanı yüksək ehtiramın nümayiş etdirilməsi ölkələrimiz arasında mövcud olan möhkəm dostluqdan xəbər verir.  Səfəri zamanı  mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev ölkələrimiz arasında yüksək səviyyəli əlaqələrin dostluq və qardaşlıq münasibətlərinə əsaslandığını xüsusilə vurğuladı. Azərbaycan-Pakistan qardaşlığı xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır. Ölkə başçısı bəyanatında qeyd etdi ki, Azərbaycana gələn pakistanlıların sayı son illər ərzində daha da artıb və Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor arasında birbaşa uçuşların həyata keçirilməsi artıq müzakirə olunub.

Pakistan ilə Azərbaycan hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birini dəstəkləyir. Cəmmu və Kəşmir məsələsində Azərbaycanın birmənalı dəstəyi ölkəmizin qardaşlığa, eləcə də beynəlxalq hüquqa olan sadiqliyidir. Prezident İlham Əliyev bəyanatında da vurğuladı ki, kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll olunmasını aydın şəkildə təsvir edir. Lakin, əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur.

İşğal dövründə Pakistan hər zaman Azərbaycanın yanında olan bir sıra ölkələrdən biri olmuşdur. İkinci Qarabağ müharibəsi – Vətən müharibəsi zamanı siyasi dəstək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksəkrütbəli rəsmilərinin birmənalı bəyanatları ölkəmizə əlavə güc-qüvvət verdi. Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir. 2020-ci ilin noyabrında xalqımız öz Qələbəsini qeyd etdiyi zaman insanların əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi.

İslamabada dövlət səfəri zamanı mətbuata bəyanatında Prezident İlham Əliyev perspektiv əməkdaşlıq əlaqələrindən də bəhs etdi və bütün planların uğurla icra ediləcəyinə əminliyini bildirdi.

Prezident İlham Əliyevin dövlət səfəri zamanı İslamabadda Azərbaycan ilə Pakistan arasında 15 adda sənədin imzalanması ölkələrimiz arasında əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyması üçün hüquqi-siyasi əsas rolunu oynayacaq.

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı