“Elçin Göyçaylı”nın Moskvaya göndərdiyi qadınlar cinsi istismara məruz qaldı – “Maşa” həbs edildibackend

Rusiyanın paytaxtı Moskva şəhərində xeyli sayda azərbaycanlı qadını fahişəliyə cəlb edən “Maşa” ləqəbli Mətanət Məmmədovaya hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, ötən ilin oktyabr ayında hava limanında saxlanılan 1979-cu ildə Balakəndə doğulmuş, Rusiya Federasiyasının vətəndaşı olan Mətanət Məmmədovaya Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə cinayət işi açılıb, işə baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmədə məlum olub ki, Rusiyada “Maşa” ləqəbi ilə tanınan Mətanət Məmmədova Moskva şəhərində xeyli sayda icarəyə götürülmüş kafe və restoran işlədib. Həmçinin azərbaycanlı müğənnilərin Moskvada kafe və restoranlarda çıxışlarına təşkilatçılıq da edib.

O, 20-yə yaxın azərbaycanlı qadını Moskvada fahişəliyə cəlb etməkdə ittiham edilib. Zərərçəkmiş qadınlardan biri hətta “Maşa” ləqəbi ilə tanınan Mətanət Məmmədovaya görə Rusiyada meşələrin birində bir gün ağaca bağlanaraq cinsi təcavüzə məruz qaldığını deyib. Digər zərərçəkmiş qadınlar da yüksək məbləğdə maaş vermək adı ilə aldanaraq Moskvaya getdiklərini və orada Mətanət Məmmədova tərəfindən cinsi istismara məcbur edildiklərini deyiblər. Hətta bəzi qadınlar Azərbaycana qayıtdıqdan sonra Mətanət Məmmədova tərəfindən video görüntülərlə şantaj edilərək Moskvaya qaytarmağa məcbur edilib.

Mətanət Məmmədovanı zərərçəkmiş qadınların bəzilərilə müğənnilik fəaliyyətilə məşğul olan “Elçin Göyçaylı” kimi tanınan şəxsin tanış etməsi də məlum olub. Elçin qadınlara yüksək maaş veriləcəyi vədi ilə Mətanət Məmmədovanın yanına göndərib. Şahid qismində “Elçin Göyçaylı” ilə duet ortağı olan qadının da məhkəmədə ifadəsi alınıb.