Elçin Quliyev İsrailin müdafiə nazirini qəbul etdibackend

Oktyabr ayının 3-də ölkəmizdə rəsmi səfərdə olan İsrail dövlətinin müdafiə naziri Benyamin Qansın rəhbərlik etdiyi nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən qəbul edilib.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, bununla bağlı DSX-də rəsmi qarşılanma mərasimi keçirilib. İsrailin Müdafiə naziri fəxri qarovul dəstəsinin önündən keçmiş, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra “Fəxri qonaqlar kitabı”na ürək sözlərini yazmışdır.

Görüşdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev qonaqları salamlayaraq Azərbaycan Respublikası və İsrail Dövləti arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən hərbi-texniki sahədə uğurla inkişaf etdiyini vurğulamışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Vətən müharibəsində qazanılmış parlaq Qələbə sayəsində 30 ilə yaxın müddətdə milli və sərhəd təhlükəsizliyinə əsas təhdid olmuş ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin Ermənistan tərəfindən işğalına son qoyulduğu, hazırda azad edilmiş ərazilərimizdə dövlət sərhədinin mühafizəsi üzrə fəaliyyətlərin təşkili, zəruri infrastrukturun yaradılması istiqamətində görülən işlər barədə məlumat verilmişdir.

Görüşdə tərəflər bu kimi səfərlərin ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsində əhəmiyyətli rolunu vurğulamış, qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparmışlar.

Görüşdən sonra İsrailin nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin inzibati binasında yerləşən “Siyasi repressiya qurbanları muzeyi”ni ziyarət etmiş, qonaqlara muzeyin fəaliyyəti və ekspozisiyaları haqqında ətraflı məlumat verilmişdir.