3 dekabr bütün dünyada Beynəlxalq Əlillər Günü kimi qeyd olunur. Məqsəd ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunmasına nail olmaqdır. Eyni zamanda ictimaiyyətin diqqətini bu həssas qrupdan olan şəxslərin problemlərinə yönəltməkdir.
Uzun müddət həssas əhali qrupu ilə işləyən biri kimi deyə bilərəm ki, Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən və həyata keçirilən uğurlu sosial siyasət Azərbaycanda əlilliyi olan şəxslərin reabilitasiyası və cəmiyyətə inteqrasiyasını təmin edir.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə inklüziv cəmiyyətin inkişafı üçün genişmiqyaslı layihələr icra olunur, mərkəzlər yaranır.
Həyata keçirilən inklüziv təhsil, inklüziv sağlamlıq və digər çoxsaylı sosial təşəbbüs və layihələr ölkənin davamlı inkişafına və inklüziv cəmiyyətin formalaşmasına güclü təkan verməkdədir.
İnklüziv konsepsiya paytaxtla yanaşı bölgələri də əhatə edir.
Məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi də əlilliyi olan şəxslərin və digər həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsinə mühüm dəstək göstərir. Burada mühüm bir hissəsi əlilliyi olan şəxslərdən ibarət çoxsaylı benefisiar müxtəlif yaradıcılıq istiqamətləri üzrə təlim, sosial pedaqoji və psixoloji xidmətlərdən yararlanır. Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan
Regional İnformasiya Mərkəzləri də regionlarda
əilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarını genişləndirir. Bu mərkəzlərdə gözdən əlilliyi olan və görmə imkanları məhdud insanlara informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə internetə çıxış, internetdə informasiyanın tapılması və s. üçün imkanlar yaradılıb.
Mütəmadi olaraq, əlilliyi olan uşaq və gənclərin əl işlərindən ibarət sərgilər təşkil olunur.
Eyni zamanda məşğulluq proqramlarının icrasında bu kateqoriyadan olan şəxslərə üstünlük verilir. Onlar üçün xüsusi layihələr icra olunur.
Ölkəmizdə əlilliyi olan şəxslər daha dərin məqsədlər taparaq müxtəlif sahələrdə uğurlara nail olurlar. Çünki əlillik qüsur deyil. Fiziki məhdudiyyətin böyük nailiyyətlər əldə etməyə mane olmaması üçün hər birimiz dəstək göstərməliyik.
Nigar Məmmədova
Milli Məclisin deputatı