Elnur Soltanov: Azərbaycan iqlim şəffaflığı məsələsində liderlik edirbackend

Bu gün COP29 çərçivəsində “İqlim fəaliyyətinin izlənməsi üçün milli şəffaflıq sistemləri” mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən Azərbaycanın energetika nazirinin müavini Elnur Sultanov bildirib ki, Azərbaycan dünya ölkələrini iqlim şəffaflığının təminatına çağırır və özü bu məsələdə öncül mövqedə dayanır.

“Bu tədbirdə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin COP29 çərçivəsində hazırlayıb təqdim etdiyi “Milli MRB Sistemi” təqdim olunur. COP29 Prezidentliyi prosesi başlayandan sonra bütün tərəflərlə aparılan müzakirələr tərəflər arasında etibarlılıq məsələsinin olduğunu göstərdi. Bu məsələ isə iqlim maliyyəsinin yetərli ölçüdə təmin olunmasını əngəlləyir. Buna görə də əvvəldən Azərbaycan bu məsələnin önəmli olduğunu vurğulayıb. Azərbaycan bu sahədə şəffaflıq sənədlərinin hazırlanmasına yönələn təşəbbüs başlayıb. Bugünkü tədbir onu göstərir ki, Azərbaycan iqlim şəffaflığı məsələsində liderlik edir”, – o deyib.

Türkiyənin ətraf mühit, urbanizasiya və iqlim dəyişikliyi naziri Fatma Varank bildirib ki, ölkəsi özünün iqlim şəffaflığı proqramını COP29-un ikinci günündə açıqlayıb:

“Ölkələrin iqlim dəyişikliyi üzrə şəffaflıq hesabatlarını olduğu kimi açıqlaması bu sahədə effektiv tədbirlərin həyata keçirilməsinə istiqamətlənən çox önəmli bir aspektdir. Türkiyə sənayenin bir çox sektorunda illik iqlim şəffaflığı hesabatları apararaq, müvafiq dövrün sonunda ictimailəşdirir. Eyni zamanda nəqliyyat sektorunda da ölkənin Nəqliyyat Nazirliyi ilə birlikdə hava yollarının emissiya hesabatları da yekun sənədə daxil edilir. Bu sahədə daha dəqiq göstəricilərin əldə edilməsi üçün xüsusi laboratoriya yaradılıb. Ən böyük layihələrimizdən biri 2100-cü ilədək ölkəmizin bütün şəhərlərində iqlim dəyişikliyinə qarşı adaptasiya tədbirlərinin həyata keçirilməsi ilə bağlıdır. İnkişaf etməkdə olan ölkələrin özlərinin iqlim şəffaflığı hesabatlarını verməsi üçün onlara texnoloji cəhətdən dəstək göstərilməlidir. İqlim şəffaflığı məsələsinin effektiv icrası üçün ölkələrin maliyyə dəstəyinə ehtiyacı var. Hesab edirəm ki, bu məqsədlə COP29-un əsas hədəfinə nail olması çox önəmlidir”.

Tədbir sual-cavab sessiyası ilə davam edib.

APA