Elşən Gəncəvi Şəhid Ruslan Hümbətovun ailəsini ziyarət edib – FOTOLARbackend

1 sentyabr 2024-cü il tarixində keçiriləcək Milli Məclisə seçkilərdə 39 saylı Gəncə ikinci seçki dairəsindən deputatlığa namizəd Elşən Gəncəvi (Nəcəfov Elşən Hökumət oğlu) Şəhid Hümbətov Ruslan Səlim oğlunun ailəsini ziyarət edib.

Deputatlığa namizəd Elşən Gəncəvi (Nəcəfov Elşən Hökumət oğlu) Şəhid Hümbətov Ruslan Səlim oğlunun valideyinləri ilə görüşərək ev muzeyini ziyarət edib. Ev muzeyində Şəhidin yadigar qalan əşyalarına baxış keçirib. Ailəsinin Şəhid haqqında fikirlərini dinləyib. Elşən Gəncəvi (Nəcəfov Elşən Hökumət oğlu) müəllifi olduğu “Oxu-magiya” kitabını Şəhidin ev muzeyinə təqdim edib.

İqitisadçı, ictimai xadim və iş adamı Elşən Gəncəvinin (Nəcəfov Elşən Hökumət oğlu) deputatlığa namizədliyi Demokratik İslahatlar Partiyası tərəfindən irəli sürülüb.

Şəhid Hümbətov Ruslan Səlim oğlu 20 may 1987-ci ildə Gəncə şəhərində doğulmuşdur. 2006-cı ildə Gəncə şəhər 17 nömrəli tam orta məktəbin 11-ci sinfini bitirmişdir. 2006-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsində xidmət etmişdir. 2010-cu ildə Müdafiə Nazirliyinin SQ Təlim Tədris Mərkəzi və Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmişdir.

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Ruslan Hümbətov xidmət etdiyi hərbi hissənin giziri kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, Füzuli, Cəbrayıl və Qubadlı rayonlarında gedən döyüşlərdə yer almışdır. 5 oktyabr 2020-ci ildə Cəbrayıl-Qubadlı istiqamətində gedən döyüşdə şəhid olmuşdur. 7 oktyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılmışdır.

Hümbətov Ruslan Səlim oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “İgidliyə görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif edilmişdir.

Ailəli idi. İki övladı yadigar qalıb.

İslahat.az