Ərazi bütövlüyü və suverenliyini bərpa etmiş Azərbaycan Ulu Öndərin arzuladığı Azərbaycandırbackend

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin anım günündə böyük şəxsiyyətin əziz xatirəsini dərin ehtiram hissi ilə yad edir. Ümummilli lider taleyini Azərbaycanın taleyindən ayırmırdı, ömrünün mənasını xalqa xidmətdə görürdü.

Məhz Ulu Öndərin qətiyyəti və iradəsi sayəsində müstəqilliyin ilk illərində mövcud olan bütün təhlükələrin qarşısı alındı. Azərbaycan sabitlik, dayanıqlı inkişaf dövrünə qədəm qoydu. Həyata keçirilən islahatlar, atılan önəmli addımlar Azərbaycanın bugünkü inkişafı üçün real zəmin yaratdı. Yeni Konstitusiyanın qəbulu ilə siyasi varislik və milli-mənəvi dəyərlərə əsaslanan hüquqi-demokratik dövlət quruculuğu prosesi start götürdü. Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi və müdrikliyi sayəsində ölkəmizin səsi ən nüfuzlu beynəlxalq təşkilatların tribunasından eşidilməyə başladı. Məhz Heydər Əliyev dühası Azərbaycanı imzalar içində imzası olan qüdrətli bir ölkəyə çevirdi.

Dövlət quruculuğuna və idarəetməyə xüsusi yanaşan Ulu Öndərin hakimiyyəti dövründə dövlət idarəçiliyinin bütün sahələrində hərtərəfli islahatlara təkan verildi, struktur dəyişikliyi aparıldı, normativ hüquqi baza formalaşdırıldı. Bu uğurlu strategiyanın nəticəsində hüquq-mühafizə orqanları da dövlətçilik ideyalarına sadiq, milli ənənələrə və beynəlxalq standartlara uyğun şəkildə təkmilləşdirildi. Ulu Öndər Heydər Əliyev hər zaman deyirdi ki, “dövlətimizin, xalqımızın təhlükəsizliyini təmin etmək peşəsinə sahib olmaq hər bir vətəndaş üçün şərəfli vəzifədir.”
Təsadüfi deyil ki, ümummilli liderin hakimiyyəti dövründə bütün hüquq-mühafizə orqanları kimi milli prokurorluq orqanlarının inkişafında da yeni mərhələ başladı. Belə ki, prokurorluq orqanları tam təkmilləşdirilərək sivil bir təsisata çevrildi. Şəffaf prosedurlara və ədalətli meyarlara əsaslanan kadr islahatları aparıldı.

Ümummilli Lider bizə müstəqil Azərbaycan kimi zəngin bir irs qoydu. Onun başlatdığı bu müqəddəs və şərəfli missiya prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dünyada baş verən geosiyasi gərginliklərə rəğmən, Azərbaycan uzun illərdir təhlükəsizlik adasına çevirilib. Ötən ay ölkəmizin ev sahibliyi etdiyi BMT-nin nüfuzlu COP29 beynəlxalq iqlim konfransı da tam təhlükəsiz şəraitdə baş tutdu. 197 ölkədən 76 mindən çox insanın qatıldığı nəhəng platformada hər hansı riskli vəziyyət yaranmadı. Bu, ölkəmizin uğurlu ev sahibliyi təcrübəsi ilə yanaşı, həm də hüquq-mühafizə orqanlarının məsuliyyətli işinin nəticəsi idi.

Ərazi bütövlüyü və suverenliyini bərpa etmiş Azərbaycan Ulu Öndərin arzuladığı, görmək istədiyi Azərbaycandır. Ümummilli liderin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti bizi dövlət və xalq olaraq bütün hədəflərimizə çatdırır, müstəqilliyimizi əbədi və dönməz edir.

Nigar Məmmədova,
Milli Məclisin deputatı