“Azadlıq” radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Əskipara) reportaj hazırlayıb. Reportajda yerli erməni sakinlər yaranmış vəziyyətlə bağlı öz fikirlərini, həyəcan və narahatlıqlarını ifadə ediblər.
Əskipara kəndinin Fedya adlı erməni sakini bildirib ki, həyətində telefonu yandıranda xəritə buranı Azərbaycan ərazisi kimi göstərir.
Onun sözlərinə görə, sərhədlərin delimitasiyası olarsa, evinin giriş qapısı, anbarı, çörək sexi Azərbaycan ərazisinə keçəcək:
“Hələ 70-ci illərdə Sovet Azərbaycanında sovxoz sədri şəxsən bizə icazə verdi ki, evin qarşısındakı yol bizdən bir qədər uzağa aparılsın”.
Artyom adlı başqa bir erməni sakin isə bildirib ki, Əskiparada 8 ailə yaşayır və onların bəzilərinin evinin şəhadətnaməsi olsa da, bəzilərinin sənədləri yoxdur. Onlar 90-cı illərdə Azərbaycan əhalisi Əskipara kəndi ilə bitişik olan Aşağı Əskipara kəndini tərk edəndən sonra burada məskunlaşıb.
Onun sözlərinə görə, kadastr şəhadətnaməsi olmadan evi və ərazini ölçüblər, ünvan, qaz, işıq və su veriblər:
“Şəhadətnamə üçün gedəndə verə bilməyəcəklərini dedilər. Səbəb olaraq isə buranın Azərbaycan ərazisi olduğunu göstərdilər”.
Sakinlər nə olur-olsun kənddən, yaşadıqları evlərdən getməyəcəklərini bildiriblər. Hətta kənd sakinlərin öz hüquqlarını beynəlxalq qurumlara çatdırmaq ümidi ilə imza toplamağa başlayıblar.